“Bu, Bakı-Moskva bəyanatına ziddir…” – Rusiya nədən narahat oldu?

“Bu, Bakı-Moskva bəyanatına ziddir…” – Rusiya nədən narahat oldu?

“Avropa İttifaqı Rusiya qazından tədricən imtinanın əvəzində Azərbaycan və Türkmənistan qazına ümidlidir və rəsmi Bakı köhnə qitəyə daha çox qaz ixracında maraqlıdır”.


Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, Azərbaycanla İran arasında olan razılaşmaya diqqət çəkib:


“Türkmənistanla Azərbaycan arasında qaz sazişi var. Keçən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalamışdı. Aşqabad və Bakı bu əməkdaşlığı genişləndirməyə qərar veriblər. Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. İranın neft naziri Cavad Ovcinin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə saziş imzalanıb”.


Politoloq baş verən hadisələrdən dolayı Rusiyanın narahat olduğunu diqqətə çatdırıb:


“Hadisələrin bu istiqamətdə gedişatı Kremli narahat etməyə başlayıb. Rusiya mətbuatında belə yazılar yayımlanır ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracını artırması Bakının Moskva ilə imzaladığı strateji bəyanata ziddir. Rusiya mətbuatı bəyanatdakı iki dövlətin bir-birlərinin strateji və iqtisadi maraqlarını nəzərə alınması bəndinə istinad edirlər. Kremlin strateji marağı Rusiya qazından imtina edən Avropa dövlətlərini cəzalandırmaqdırsa, Azərbaycanın strateji marağı isə əksinə qaza ehtiyacı olan Avropa dövlətləri ilə yeni sazişlər imzalamaq və büdcə gəlirlərini artırmaqdır. Həqiqətən belə olan halda Rusiya və Azərbaycanın strateji maraqları üst-üstə düşmür və bu təbiidir”.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR