Rusiyanın BMT-dəki səfiri iclası tərk etməli oldu - Şarl Mişelin bu sözlərindən sonra...
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia Avropa Şurasının sədri Şarl Mişelin ittihamları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib.
Sfera.az xarici KİV-ə istinadla bildirir ki, AŞ sədri Şarl Mişel Rusiyanın ərzaq tədarükünü inkişaf etməkdə olan ölkələrə qarşı “silah kimi” istifadə etdiyini bildirib və Rusiyanı ərzaq böhranına səbəb olmaqda ittiham edib:
“Rusiya Federasiyasının səfiri, düzünü deyin, Kreml ərzaq təminatından inkişaf etməkdə olan ölkələrə qarşı silah kimi istifadə edir. Müharibənin dramatik nəticələri bütün dünyaya yayılır və bu, ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir və böyük regionlarda sabitliyi pozur. Bu ərzaq böhranına görə yalnız Rusiya məsuliyyət daşıyır",- deyə Mişel vurğulayıb.
Ş.Mişel Odessa limanında milyonlarla ton taxılın gözlədiyini öz gözləri ilə gördüyünü və Rusiyanın Ukrayna taxılını oğurladığını bildirib.
V.Nebenzia isə Mişelin yalan danışdığını deyib və iclası tərk edib. Görüş otağından çıxarkən Nebenziaya səslənməyə davam edən Şarl Mişel, "Otaqdan çıxa bilərsiniz, məncə, həqiqəti dinləməkdən daha asandır", - deyib.
ABŞ-da keçirilən başqa bir toplantıda çıxış edən ABŞ dövlət katibi Antoni Blinken də Rusiyaya qarşı oxşar ittihamla çıxış edib.
Donorlar, assosiasiyalar və özəl sektor nümayəndələri ilə görüşdə danışan Blinken Rusiyanın blokadası səbəbindən Odessa limanında ixrac edilə bilməyən 20 milyon ton taxıl yığıldığını söyləyərək, Rusiyanı Ukraynanın kənd təsərrüfatı infrastrukturunu məhv etməkdə və qazanc əldə etməkdə ittiham edib.
Əzizə Zeynal
Sfera.az