Pele Putinə müraciət etdi - “Xahiş edirəm, dayan...”
Braziliya futbolunun əfsanəsi Pele Rusiya Prezidenti Vladimir Putini “işğalı dayandırmağa” çağırıb.
Sfera.az bildirir ki, Pele dünən, Ukrayna və Şotlandiyanın üz-üzə gəldiyi 2022-ci il Dünya Çempionatının Avropa Təsnifat mərhələsinin pley-off yarımfinalından əvvəl sosial şəbəkədə Putinə açıq məktub göndərib:
Keçmiş futbolçu "Instagram" hesabında paylaşdığı məktubda, "Ukrayna bu gün ən azı 90 dəqiqə özünü dərindən sarsıtmağa davam edən faciəni unutdurmağa çalışır. Bugünkü oyundan fürsət kimi istifadə edib xahiş edirəm, dayan. Bu davam edən zorakılığın heç bir əsası yoxdur. Bu müharibə pis niyyətlidir və ona haqq qazandırmaq mümkün deyil. O, qorxu, dəhşət, ağrı və iztirabdan başqa heç nə yaratmayıb. Müharibələr yalnız ayrı-ayrı millətlər üçün mövcuddur. Uşaqların xəyallarına son qoymaq, ailələri məhv etmək və günahsız insanları öldürmək üçün raketlərin buraxılmasına haqq qazandıran heç bir ideologiya yoxdur", - deyə 81 yaşlı əfsanə deyib.
2017 FİFA Konfederasiyalar Kuboku çərçivəsində Rusiyanın paytaxtı Moskvada Putinlə görüşdüyünü və söhbətlərinin dostluq şəraitində keçdiyini xatırladan Pele Rusiya liderinə müraciət edərək, “Bu müharibəni bitirmək sizin əlinizdədir", - deyib.
Bütün zamanların ən böyük futbolçularından biri kimi tanınan Pele 1977-ci ildə təqaüdə çıxıb. Karyerasında 1363 oyunda 1279 qol vuran sabiq futbolçu bu uğuru ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Əzizə Zeynal
Sfera.az