Mərkəzi banklar dollardan imtina edir – SƏBƏBLƏR
Mərkəzi banklar valyuta ehtiyatlarında ABŞ dollarına ayırdığı payı tədricən azaldır.
Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi valyuta ehtiyatlarının valyuta tərkibinə dair açıqladığı məlumatdan görmək olar. BVF-nin məlumatına görə, ötən ilin sonunda ABŞ dollarının valyuta ehtiyatlarındakı payı 59 faizə düşüb. Bu pay, son 20 ilin ən kiçik payıdır.
Ehtiyatlarda dolların miqdarının azaldılması siyasətini ABŞ-a yaxınlığı ilə tanınan İsrail Mərkəzi Bankı da yürüdəcək. İsrail Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 200 milyard dollardan bir qədər artıqdır. Mərkəzi bank ABŞ dollarının payını azaldıb, əvəzində Avstraliya dolları, Kanada dolları, Çin yuanı və Yaponiya yeninin payını artıracaq.
Bu valyutalara marağı BMF 2 amillə əlaqələndirir: birincisi, adıçəkilən valyutalarda məzənnə dəyişkənliyinin zəif olmasıdır, ikincisi isə həmin valyutaların yüksək gəlir gətirməsidir.
Ümumilikdə, son 20 ildə mərkəzi bankların valyuta ehtiyatlarında avronunun (payı 21 faiz), yenin (payı 6 faiz), funt sterlinqin (payı 5 faiz) payları sabit qalıb. Amma digər valyutaların payı 5-6 faizdən 10 faizə qədər yüksəlib.
Azərbaycan Mərkəzi Bankı isə valyuta ehtiyatlarının daha çox hissəsini ABŞ dollarında saxlayır. 2021-ci ilin sonuna olan məlumata əsasən, ehtiyatların 82%-ni ABŞ dolları, 7%-ni avro, 1%-ni İngiltərə funt sterlinqi və 10%-ni isə SDR (Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borclanma hüquqları) təşkil edib.
Vasif
Sfera.az