Dünya xəritəsi DƏYİŞİR: “Rusiya dövlətlərə parçalana, sərhəddə terror ölkəsi yarana bilər”

Dünya xəritəsi DƏYİŞİR: “Rusiya dövlətlərə parçalana, sərhəddə terror ölkəsi yarana bilər”

Rəsmi Ankara ötən gün Şimali Suriyada anti-terror əməliyyatına başladığını açıqladı. Digər tərəfdən, bölgədə Rusiya-Ukrayna savaşı səngimək bilmir. Bu müharibə dünyada yeni siyasi-hərbi böhranı dərinləşdirdi. Diplomatiya öz yerini silahlara verdi.


Maraqlıdır, regionda, o cümlədən dünyada baş verən proseslər nə ilə nəticələnə bilər?


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, İkinci Dünya müharibəsindən sonra soyuq müharibənin qurduğu nizam işləmir. Müsahibimizin sözlərinə görə, bunun əsas səbəbi beynəlxalq qanunların böyük dövlətlər tərəfindən öz məqsədləri üçün istifadə edilməsi və yeni iddialardır:
“Dünyanın siyasi xəritəsi dəyişə bilər. Bu istiqamətdə yeni proseslər baş verməkdədir. Sərhədlərin dəyişməsi 2014-cü ildə Rusiyanın Krımı anneksiya etməsi, Qərbin seyirçi qalması ilə başladı. Rusiya Ukraynanın cənub-şərqini işğal edərək referendum keçirib həmin əraziləri özünə birləşdirməyi planlayır. Bu, uzun müddətli münaqişəyə, növbəti mərhələdə isə Rusiyanın dövlətlərə parçalanmasına gətirə bilər. Təəssüf ki, Qərbdə bir neçə mərkəzlər Rusiyanın ilhaq siyasətini sülhün əldə edilməsinə görə dəstəkləyir. ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiyanın bu siyasətinin qarşısını almasa, yeni dünya nizamı sərhədlərin dəyişməsi ilə nəticələnəcək. İttifaqların və beynəlxalq təşkilatların yeni alternativi yaranmaqla, ənənəvi təşkilatların öz missiyasını itirməsi gözlənilir. Bu rolda Böyük Britaniya mühüm rol oynayaraq Türkiyə ilə birgə yeni siyasi nizamda koordinasiyalı fəaliyyət başladacaq”.


Politoloq əlavə edib ki, Azərbaycan üçün vacib və aktual olan  məsələ Türkiyənin öz təhlükəsizliyi və sərhədlərinin mühafizəsini təmin etməsi, qonşuluğunda yeni terror dövlətinin yaranmaması üçün Suriyanın şimalında anti-terror əməliyyatı keçirməsidir:


“Çünki Türkiyənin beynəlxalq güc olması Suriyada keçirdiyi əməliyyatlardan asılıdır. Qardaş ölkə, həmçinin "tampon bölgə" qurduğu əraziləri öz ərazisinə daxil edə bilər. Çünki, şimali Suriyada Qərb tərəfindən PKK/YPG vasitəsilə yeni terror dövlətinin yaranması mümkündür. Türkiyənin bu əraziləri öz ərazisinə daxil etməsi üçün hüquqi və mənəvi haqqı var. İlk növbədə iki milyon suriyalını qəbul edərək insanları yaratdığı təhlükəsizlik bölgəsinə köçürməklə prosesi tamamlaya bilər. 
Azərbaycan üçün də yeni imkanlar mümkündür. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Qarabağ məsələsini qabardarsa, Zəngəzurda hərbi əməliyyatlar keçirib 1920-ci il xəritəsinə uyğun olaraq bu əraziləri hüquqi cəhətdən öz ərazisinə birləşdirə bilər. Yeni dünya nizamının sərhədlərin dəyişməsi ilə nəticələnməsi qaçılmazdır”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR