Azərbaycanda uşaqların vəziyyəti necədir? - Say azalır, cins bölgüsü isə...

Azərbaycanda uşaqların vəziyyəti necədir? - Say azalır, cins bölgüsü isə...

Bu gün Azərbaycanda da, dünyanın əksər ölkələrində olduğu kimi, Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.


Sfera.az xəbər verir ki, bu günün qeyd edilməsinə dair qərar BMT Baş Assambleyası tərəfindən 1950-ci ilin iyunun 1-də qəbul olunub. 


Bəs, Azərbaycanda uşaqların vəziyyəti necədir, demoqrafik və digər göstəricilər haqqında nə bilirik?


2020-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycan əhalisinin 26 faizi uşaqlardan ibarətdir. Ölkəmizdə 2,635 milyon uşaq var.


Son 20 ilin müqayisəsi göstərir ki, əhali sayında uşaqların payı azalır. 2000-ci ildə əhalinin 37 faizi uşaqlardan ibarət olduğu halda bu, 2005-ci ildə 31,8 faizə, 2010-cu ildə 27,9 faizə, 2015-ci ildə 26,7 faizə geriləyib. Uşaqların sayı son illərdə artır. Amma uşaq sayındakı artım əhali sayından az olduğundan nisbət azalır.  


Lakin qeyd edək ki, Azərbaycan uşaqların əhali sayındakı payına görə Avropa ölkələrindən, əksər MDB ölkələrindən yaxşı vəziyyətdədir.


Uşaqlarla bağlı mənfi demoqrafik proseslərdən biri də cins bölgüsü ilə bağlıdır. Uşaqların 1,407 milyonu kişi, 1,226 milyonu qadındır. Kişilərin sayının qadınların sayından xeyli çox olması diqqəti cəlb edir. 2000 və 2005-ci ildə uşaqlar arasında qadınların sayı daha çox idi.


Azərbaycanda ailələrin 40 faizindən çoxu 2 uşaqlıdır. Ailələrin 30 faizi 1 uşaqlı, 20 faizi 3 uşaqlı, 9,7 faizi 4 və daha çox uşaqlıdır.


Məktəbəqədər təhsil müəssisələrində (bağça) 126,5 min uşaq təhsil alır. 1990-cı illə müqayisədə bağçalarda olan uşaqların sayı azalıb. Otuz il əvvəl bağçalarda 181 min uşaq təhsil alırdı.


Bağçalarda təhsil alan uşaqların sayı azalsa da, orta ümumi təhsil müəssisələrində oxuyan uşaqların sayı artıb. Son məlumata görə, orta məktəblərdə 1,66 milyon uşaq təhsil alır. 1990-cı ildə təhsil alan uşaqların sayı 1,35 milyon idi.

 

Vasif
Sfera.az  

 


OXŞAR XƏBƏRLƏR