Baydenin "U dönüşü": Rusiyaya "Himars" zərbəsi...

Baydenin

ABŞ prezidenti Co Baydenin Ukraynaya qabaqcıl raket sistemlərinin göndərilməsini təsdiqləməsi yerli mətbuatda müzakirələrə səbəb olub.


Sfera.az bildirir ki, “New York Post” qəzeti bir neçə gün öncə sözügedən silahları göndərməyəcəyini deyən Baydenin bu addımını "U dönüşü" kimi qiymətləndirib və tənqidlərdən sonra onun fikrini dəyişməli olduğunu yazıb.


700 milyon dollarlıq silah yardımı çərçivəsində göndəriləcək raket sistemlərinin uzaq məsafədən Rusiya hədəflərini vurmaq gücündə olduğu bildirilib. Digər tərəfdən, sözügedən raket sistemlərinin Kiyev administrasiyasının gözləntilərinə cavab verib-verməyəcəyi hələlik məlum deyil. Qeyd olunub ki, Vaşinqtonun silah yardımına MLRS kimi də tanınan çoxlüləli “Himars” raket sistemi də daxil olacaq. Həm Rusiya, həm də Ukrayna çoxbarrelli raket sistemlərindən istifadə etsə də, “Himars”ın uçuş məsafəsi və dəqiqlik baxımından bu sistemlərdən üstün olduğu vurğulanıb.


Məlumata görə, göndəriləcək M142 Himars sistemi 1970-ci illərdə ABŞ və müttəfiqləri tərəfindən hazırlanmış M270 MLRS modelinin təkmilləşdirilmiş və yüngülləşdirilmiş versiyasıdır. ABŞ rəsmisinin mətbuata verdiyi açıqlamaya əsasən, bu raket sistemi təxminən 80 kilometr mənzilə malikdir: ““Himars” az sayda personalın köməyi ilə və digər maşınların dəstəyi olmadan tez istifadəyə hazır ola bilir. ABŞ ordusunun Avropadakı qoşunlarında artıq “Himars” sistemləri var”. 
Ukraynaya göndəriləcək raket sistemlərinin sayı hələ ki, açıqlanmır.


Qeyd edək ki, Ukrayna prezidenti Zelenski uzun müddətdir, Baydenə artilleriya və təyyarələr göndərməsi ilə bağlı çağırışlar edirdi.

 

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR