"NATO ölkələrindən birinin müdafiə nazirini qaçırmalıyıq" - Rusiyalı deputatdan inanılmaz PLAN 

İndiyə kimi Ukraynaya milyardlarla dollarlıq silah göndərən ABŞ gecə yarısı “Himars” raket sisteminin də göndəriləcəyini açıqlayıb. Rusiya ordusu isə qarşılığında nüvə hədə-qorxusuna başlayıb. Moskvanın şimalındakı İvanovo bölgəsində 1000-ə yaxın əsgərin iştirakı ilə təlim keçirilib. “İnterfaks” xəbər agentliyi təlim zamanı qitələrarası “Yars” ballistik raketinin də atıldığını bildirib.


Sfera.az-ın məlumatına görə, bunun ardınca dövlət kanalına çıxan siyasətçi, Rusiya Dövlət Dumasının nəzarət üzrə komitə sədri Oleq Morozov  inanılmaz təkliflə çıxış edib. Belə ki, “Rossiya-1” dövlət televiziyasında yayımlanan “60 dəqiqə” proqramına qatılan rusiyalı deputat Ukraynaya səfər edən NATO ölkələrindən birinin müdafiə nazirinin oğurlanaraq Moskvaya aparılmasını və Qərbin Kiyevə hansı “əmrləri” verdiyini soruşmağı tövsiyə edib.


İlk dəfə 1993-cü ildə Rusiya parlamentinə seçilən və hakim “Vahid Rusiya” partiyasının üzvü Oleq Morozov deyib ki, Ukraynanın Qərbdən silahla təmin edilməsi Rusiya üçün birbaşa təhlükədir və Moskvadan hərbi məqsədlərini yenidən nəzərdən keçirməsini tələb edə bilər. “Beynimdə düşündüyüm bir xəyali süjet var. Tezliklə bir NATO ölkəsinin müdafiə naziri Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək üçün qatarla Kiyevə gedəcək. Lakin ora çatmayıb Moskvada haradasa oyanacaq”, - deyə deputat söyləyib.


Onun bu sözlərindən sonra Rusiya televiziya kanallarının ən kremlpərəst jurnalistlərindən biri olan aparıcı Olqa Skabeyeva gülümsəyərək , “Yəni deyirsiniz ki, onu qaçırmalıyıq?”, - deyə qarşılıq verib. Morozov isə sualı bu cür cavablandırıb:  "Bəli. Onda anlayardıq ki, kim nə üçün nə əmr verib, kim dəqiq nəyə görə cavabdeh olub. Bu, o qədər də qeyri-adi mənzərə deyil. İndi dünyada yeni qaydalar var. Bütün o müdafiə nazirləri Kiyevdə toplaşıblar. Moskvada oyanmaq necədir onu bir az düşünsünlər”.

 

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR