Rus turistlər çarəsiz vəziyyətdədir – Seçim üçün ölkə azalır…
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Rusiyanın sevimli istirahət məkanı olan Türkiyə üçün tur qiymətləri kəskin şəkildə qalxıb.
Eyni zamanda Rusiyada buraxılmış Mastercard və Visa kredit kartlarının xaricdə istifadəsi dayandırılıb.
Sfera.az bildirir ki, digər tərəfdən Rusiya aviaşirkətlərinin icarə müqavilələrinə xitam verilməsi və bir çox ölkənin hava məkanının Rusiya təyyarələri üçün bağlanması səbəbindən uçuşların sayı azalıb. Ruslar üçün birbaşa uçuşların ləğvi səbəbindən Avropaya getmək demək olar ki, mümkün deyil. Almaniyaya 2.5 saatlıq uçuş isə İstanbul vasitəsilə 20 saata başa gəlir. Təbii ki, buna viza problemlərini də əlavə etmək lazımdır.
Rusiya Xarici İşlər Nazirliyinin mayın 13-də verdiyi bəyanatda Rusiya vətəndaşlarına Böyük Britaniyaya səfər etməməyi tövsiyə edilib və viza almağın demək olar ki, qeyri-mümkün olduğu bildirilib.
Turoperatorlar Maldiv adaları, Şri-Lanka, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi daha bahalı və uzaq istiqamətlərə birbaşa səyahətin mümkünlüyünü qeyd edirlər, lakin maliyyə imkanları olmayan ruslar ölkə daxilində daha az ekzotik istiqamətlərə paket tətilləri axtarırlar.
İstirahət üçün Rusiyanın ilhaq etdiyi Krım Ukraynadakı münaqişə zonasına çox yaxındır. Qara dəniz sahilində rusların dəstəyi ilə birtərəfli qaydada müstəqilliyini elan etmiş Gürcüstanın Abxaziyası və Rusiyanın müttəfiqləri Ermənistan, Belarus, Orta Asiya, eləcə də Azərbaycan səyahət üçün nəzərdə tutulan digər bölgələrdən hesab olunur.
Qeyd edək ki, Rusiya Turoperatorları Assosiasiyasının müavini Artur Muradyan vurğulayıb ki, şirkətlər gəlirlərinin 30-80 faizini itirməkdədirlər.
Əzizə Zeynal
Sfera.az