Meymunçiçəyinə qarşı da vaksin hazırlaya bilərik - Azərbaycanlı professordan AÇIQLAMA
Xəbər verdiyimiz kimi bir müddət əvvəl Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi komanda effektiv vaksin hazırlayıb.
Sözügedən vaksinlə bağlı məlumat almaq üçün bu işdə adıçəkilən professor Tərlan Məmmədovla əlaqə saxladıq. O, vaksinin bütün digər peyvəndlərdən daha effektiv olduğunu deyib:
“Hazırladığımız vaksin hələ insanlar üzərində tətbiq olunmayıb. Lakin bu vaksin koronavirusun bütün mutasiyalarına, o cümlədən “Omikron”a qarşı da effektivdir. Dünayada ən çox istifadə olunan Pfizer-BionTech vaksininin iki dozadan sonra təsiri 0 faiz olur, yəni bu vaksin virusdan qorumur. Bizim hazırladığımız vaksin isə 2 dozadan sonra əhəmiyyətli dərəcədə qoruyuculuğa sahib olur. Bu vaksin 62 mutasiyaya qarşı effektivdir və bu tip vaksin ilk dəfə bizim tərəfimizdən təklif edilib. Vaksin Akdeniz Universitetində, mənim laborotoriyamda hazırlanıb”.
Professor meymunçiçəyi ilə bağlı da effektiv vaksinin hazırlana biləcəyini deyib:
“Bizim bir texnologiyamız var ki, dünyada mövcud olan bütün viruslara qarşı vaksin hazırlayır. Əgər gərəkli olsa, biz meymunçiçəyinə qarşı da vaksin hazırlayacağıq. Mən bu texnologiya ilə qarayara, quduzluğa və koronavirusa qarşı vaksinlər hazırlamışam. Bu potentlərin sahibi mənəm və onlar Avropa, Rusiya tərəfindən tanınmaqdadır. Bu vaksinləri Azərbaycan da dail olmaqla, istənilən ölkədə hazırlayıb, istifadəyə verə bilərəm ”.
Əzizə Zeynal