Polşa da müharibəyə qoşulur? - Zelenskinin bu addımından sonra...
Prezident Vladimir Zelenski ötən gün Ukraynada Polşa vətəndaşlarına xüsusi hüquqi status verilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib.
Ukrayna Konstitusiya Məhkəməsinin Ali Radadakı daimi nümayəndəsi Olqa Sovgiriyanın sözlərinə görə, hələlik qanun layihəsi ilə bağlı heç bir təfərrüat yoxdur. Lakin ölkə başçısının bu addımı həm Ukraynada, həm də ondan kənarda birmənalı qarşılanmayıb. Bu qanunun qəbulunu Polşa vətəndaşlarının ukraynalılarla eyni vəziyyətdə tutulması ilə nəticələnəcəyi kimi proqnozlaşdıranlar var və onlar bunun Polşanın Ukrayna tərəfindən Rusiyaya qarşı müharibəyə qoşulmasına yol açacağını düşünürlər.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Zelenski Polşada Ukrayna vətəndaşları ilə bağlı qəbul olunan qanuna cavab olaraq bu təşəbbüsü irəli sürüb:
“Bir neçə gün bundan əvvəl Polşa hökuməti Ukraynadan olan qaçqınların vəziyyətini yüngülləşdirmək üçün onları öz vətəndaşları ilə bərabər tutan qanunu qəbul etmişdi. Bu məsələ ilə bağlı Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikifirov bildirib ki, Polşada Ukraynadan gələn qaçqınlarla bağlı qəbul edilən qanuna baxmaq lazımdır. Bu qanunla Ukrayna vətəndaşları səsvermə hüququ olmadan faktiki olaraq Polşa vətəndaşlarına bərabərləşdirilir. Prezidentin təşəbbüsü ilə anoloji qanun Ukraynada da qəbul olunacaq. Rəsmi dairələrdə Ukrayna tərəfindən oxşar qanunun qəbul edilməsini Polşaya cavab jesti kimi qiymətləndirirlər. Amma başqa cür düşünənlər də var. Onlar hesab edirlər ki, bu qanunun qəbul edilməsi sonunda Polşanın Ukrayna tərəfindən Rusiyaya qarşı müharibəyə qoşulması ilə nəticələnəcək”.
Müsahibimiz bildirib ki, əslində səsləndirilən fikirdə həqiqət var:
“Çünki Polşada qəbul edilən qanun Ukraynadan olan qaçqınların sosial problemlərini qarşılamaq üçün qəbul olunub. Yəni Polşa dövləti ukraynalıların sıradan qaçqın kimi deyil, öz ölkəsinin vətəndaşı kimi qəbul edilməsini istəyir. Belə olan halda, bəs Ukrayna hökuməti polşalıların hansı sosial problemlərini həll etmək istəyir? Düşünürəm ki, qanunun qəbulu ilə gələcəkdə Rusiyaya qarşı müharibədə Polşanın potensialından daha səmərəli şəkildə istifadə etmək üçün zəmin hazırlanır. Təbii ki, buna ehtiyac qalarsa”.
Günay Rəsulqızı
Sfera.az