Kimlərin imtahan nәticәlәri lәğv edilə bilər? - AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirakçıların xaric edilməsi məsələsi müzakirə obyektinə çevrilib. Bəzi iştirakçıların qaydalarla tanış olmadığı, bu istiqamətdə maarifləndirilmə aparılmadığı kimi fikirlər irəli sürülür.
Maraqlıdır, hansı iştirakçılar imtahana buraxıla bilməz?
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, bu istiqamətdə qadağan edilən bəzi məsələlər mövcuddur. Bunlardan biri də imtahana özü əvəzinə başqasını göndәrmәk, zala mobil telefon vә digәr rabitә vasitәlәri, kalkulyator , elektron cihazlar keçirməkdir:
“Həmçinin konspekt, lüğәt, cәdvәl, çanta, mәlumat kitabçası, xarici yaddaş qurğuları vә başqa yardımçı vasitәlәr gәtirmәk vә onlardan istifadә etmәk qadağandır. Əgər iştirakçıların imtahan binasına qadağan edilmiş vasitә, vәsait vә ya әşya gәtirdiyi müәyyәnlәşdirilәrsә, bu barәdә imtahan rәhbәri tәrәfindәn akt tәrtib edilir vә bu vasitә, vәsait vә ya әşyalar araşdırma aparmaq üçün Dövlәt İmtahan Mәrkәzinә tәhvil verilir. O cümlədən yandırıcı, partlayıcı, kәsici, deşici, atıcı vә digәr bu növ әşyalarla imtahan binasına girmәk, özü ilә yemәk, içmәk (şәffaf plastik qabda qazsız, içmәli su istisna olmaqla), saqqız, siqaret gәtirmәk; sual kitabçaları paylandıqdan sonra, hәr hansı bir sәbәbә görә, imtahan zalını tәrk edib yenidәn geri dönmәk; nizam-intizam qaydalarını pozmaq; zalda yerini dәyişmәk, gәzişmәk, yerindәn durmaq vә bu kimi hallarla imtahanın gedişinә mane olmaq; başqasının cavab kartına, sual kitabçasına baxmaq vә ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şәrait yaratmaq; “İmtahan başlandı” elan olunan andan 1 saat 30 dәqiqә müddәt keçәnәdәk vә imtahanın son 15 dәqiqәsi әrzindә, sәbәbindәn asılı olmayaraq, imtahan zalından çıxmaq; nәzarәtçiyә test tapşırıqlarının hәllindә kömәk üçün müraciәt etmәk; cavab kartını vә sual kitabçasını nәzarәtçiyә tәhvil vermәdәn imtahan zalından çıxmaq olmaz”.
Ekspert deyib ki, belә hallar aşkar olunarsa, hәmin şəxslər imtahandan xaric olunacaq vә onun imtahan nәticәlәri lәğv ediləcək:
“Lakin iştirakçı bu qәrardan inzibati qaydada vә ya mәhkәmәyә şikayәt verilә bilәr. DİM-in bakalavrın imtahan qaydalarına zidd hәrәkәtini imtahandan sonra da aşkar etmәk üçün müxtәlif üsulları var. Şəxs öz üzәrinә götürdüyü öhdәliklәri pozduqda vә xüsusi araşdırmalar nәticәsindә müәyyәn pozuntular (saxta sәnәd tәqdim etmә, köçürmә, köçürmәyә şәrait yaratma, imtahana öz yerinә başqasını göndәrmә, sual kitabçasını aparmaq, qaydalara zidd hәrәkәtlәrә vә digәr saxtakarlıqlara yolvermә) aşkar edildikdә onun imtahan nәticәlәrinin lәğv olunması vә onun haqqında müvafiq inzibati-hüquqi tәdbirlәrin görülmәsi nәzәrdә tutulub”.
Günay Rəsulqızı
Sfera.az