Kişilər son illər gənc yaşlarında niyə ailə qurmurlar? - SƏBƏBLƏR
Azərbaycanda nikaha girənlərin sayının azalması, əvəzində boşanmaların sayının artması göstəriciləri ötən il bir qədər də pisləşib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ildə nikahların sayı 56 314-ə düşüb, boşanmaların sayı isə 17 191-ə yüksəlib. Bununla da hər 1000 nəfərə düşən nikah sayı 5,6-ya enib, boşanma sayı isə 1,7-yə çatıb.
Əvvəlki illərlə müqayisə etdikdə aydın olur ki, 2020-ci il istisna olmaqla ötən il hər 1000 nəfərə düşən göstərici üzrə nikahların sayı son 18 ilin ən aşağı, boşanma sayı son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
2020-ci ildə pandemiya ilə əlaqədar həm boşanma, həm də nikah saylarında kəskin azalma qeydə alınmışdı. Bunun səbəbi xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət qurumlarının uzun müddət fəaliyyət göstərməməsi və ya birbaşa xidmətin göstərilməməsi ilə əlaqədardır.
Maraqlı fakt ondan ibarətdir ki, boşanma saylarının artması da nikahların sayını artıra bilməyib. Əslində boşanma saylarının artması nikah saylarına artırıcı təsir edir. Çünki boşanan şəxslər arasında təkrar nikaha girənlər olur ki, bu da nikah bağlayanların sayını artırır.
Amma təkrar nikahların sayının artmasına baxmayaraq ümumi nikah saylarının azalması ondan xəbər verir ki, ilk dəfə nikaha girənlərin sayı azalır. Bunun çoxlu səbəbləri ola bilər.
Birinci əsas səbəb ilk dəfə nikaha girmə yaşının kişi və qadınlarda artmasıdır. Birinci nikaha daxil olanların orta yaşı 1994-cü ildə kişilərdə 24,2 olduğu halda, 2021-ci ildə 28,5 yaşı keçib. Başqa sözlə, artıq kişilər gənc yaşlarında ailə qurmur.
Qadınlarda isə birinci nikaha girmə yaşı 22,3 yaşdan 24,5 yaşa yüksəlib.
İkinci səbəb kimi ölkəmizdə uşaqların sayının azalmasıdır. Uşaqların sayının azalması gənc əhalinin sayını azaldır ki, bu da öz növbəsində nikaha girənlərin sayına mənfi təsir edir. Ölkəmizdə 2000-ci ildə 3 milyon uşaq olduğu halda, 2020-ci ilin sonunda 2,64 milyon uşaq olub. İyirmi ildə uşaqların sayı 360 min nəfər azalıb.
İlk dəfə nikaha girənlərin sayının azalmasının üçüncü səbəbi kimi iqtisadi, sosial və psixoloji faktorları göstərmək olar.
Boşanmaların sayının artmasına təsir edən amillər isə daha çoxdur. Bunların arasında iqtisadi durum, ailələrdə sosial vəziyyət, qohumluq münasibətlərinin pisləşməsindən yaranan vəziyyət və s. faktorlar təsir edir.
Vasif
Sfera.az