Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən də qoruyur? - Həkimdən AÇIQLAMA
“Meymunçiçəyi virusu DNT tərkibli virusdur, koronavirus isə RNT tərkibli. Yəni bu virusun mutasiyaya uğramaq ehtimalı daha azdır”.
Sfera.az-ın məlumatına görə, bunu tanınmış radioloq həkim Aydın Əliyev deyib. Onun sözlərinə görə, sözügedən virus hava-damcı yolu ilə az yoluxur:
“Təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslər meymunçiçəyindən 85% sığortalanıb, yəni 1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslər yoluxmayacaq və yoluxduğu halda yüngül keçirəcək. Suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymunçiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymunçiçəyi virusu isə poxovirus ailəsinə aiddir. Suçiçəyi və meymunçiçəyi xəstəliyinin əsas fərqləndirici əlamətləri isə bunlardır: meymun çiçəyi xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur. Bir çox suçiçəyinə yoluxmuş xəstələr onlarda meymunçiçəyinin olmasından şübhələnirlər və bu, başa düşüləndir. Çünki hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsidir. Bu isə insanlarda haqlı olaraq panika yaradır”.
Mütəxəssis qeyd edib ki, meymunçiçəyi virusuna yoluxma əsasən kontakt yolu ilə ola bilər:
“Böyük hava-damcı hissəcikləri ilə yoluxma olur ki, bunun üçün də xəstə insan və ya heyvanla yaxın təmas - öpüşmə, qucaqlaşma və onların əşyalarına və yatağına təmas olmalıdır. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır. Kliniki əlamətlər təzahür edən şəxslər, yəni qızdırma, başağrısı, əzələ ağrıları, dəri səpgiləri və s. oxşar şikayətləri olanlar özlərini təcrid etməli və heç kimlə hər hansı fiziki təmas etməməlidir. Yoluxan şəxslər tecovirimat (tekovirimat) preparatından istifadə edə bilər, bu preparatın meymunçiçəyi virusuna qarşı effektli təsiri sübut edilib. Ayrıca meymunçiçəyi virusuna qarşı da peyvənd mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa, bu peyvəndin geniş istehsalı olacaq, yəni narahatlığa heç bir əsas yoxdur”.
Günay Rəsulqızı
Sfera.az