\"DİM-in o abituriyentləri imtahana buraxmamaq hüququ yoxdur!\" - Ekspert

Ötən gün II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 6 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və həmin şəxslər imtahandan xaric edilib. Digər tərəfdən, DİM dünən məlumat yayıb ki, 6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılacaq. Bu isə sosial şəbəkələrdə narazılıqla qarşılanıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı təhsil eksperti Kamran Əsədov deyib ki, DİM imtahan qaydalarını keflərinə görə dəyişməyə vərdiş edib:
“XİN-ə keçirilən imtahanda da bunu etdilər, hələ də məhkəmə davam edir, səhvləri artıq isbat olunur. DİM-in bu imtahanda qayda pozduğuna görə, həmən abituriyentləri növbəti imtahana da buraxmamaq ixtiyarı, hüququ yoxdur. Qəbul qaydalarında qeyd olunur ki, (6.5.) Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Yəni həmən imtahan nəticəsi. Daha növbəti imtahana buraxılmağa məhdudiyyət yoxdur”.
Ekspert əlavə edib ki, mövcud qanunvericilik və qoşulduğumuz konvensiyalarda cəzanın təyin edilməsi təcrübəsi var və insan yalnız törətdiyi əmələ görə bir dəfə cəzalanır:
“Bunlar 16-17 yaşlı uşaqlardır. Bəli, səhv ediblər. Amma bu o demək deyil ki, onların təhsil alma hüquqları tam şəkildə məhdudlaşdırılmalıdır. Ona görə də DİM-in dünən açıqladığı qayda pozan abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq ifadəsi yanlışdır”.
Günay Rəsulqızı
Sfera.az