“İmran Xan həbs olunarsa…” - Şeyx Rəşid Əhməd planı açıqladı
Media
16:53 / 16.05.2022
2492
Avami Müsəlman Liqasının (AML) lideri və Pakistanın keçmiş daxili işlər naziri Şeyx Rəşid Əhməd Feysabad şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən koalisiya hökuməti məqsədsizdir və administrasiyanı idarə etmək iqtidarında deyil.
Sfera.az bildirir ki, Şeyx Rəşid Əhməd etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan keçmiş baş nazir İmran Xana da istinad edərək, hökumətdən keçmiş baş nazir Navaz Şərifi yenidən vəzifəyə çağırmağı xahiş edib.
Rəşid Əhməd İmran Xanın həbs ediləcəyi təqdirdə Pakistan Ədalət Hərəkatının (PTI) bunun öhdəsindən gəlmək üçün strategiya planladığını iddia edərək, "Xan həbs olunarsa, ölkə siyasi böhrana düşəcək və biz Şri-Lankadakı kimi bir vəziyyətin şahidi olacağıq", - deyib.
Sabiq nazir qatıldığı başqa bir tədbirdə də ölkənin tezliklə defolt vəziyyətinə düşəcəyini və buna görə də dövlət qurumlarının müdaxiləsi lazım olduğunu deyib.
Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində 174 səsi əleyhinə toplamaqla İmran Xan hökuməti devrilib.
Aprelin 11-də keçirilən seçkidə ölkədə üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.
Əzizə Zeynal
Sfera.az