Ermənistanın suverenliyi ilə alver etməsi sülhə təhlükədir – Nigar Arpadarai

Ermənistanın suverenliyi ilə alver etməsi sülhə təhlükədir – Nigar Arpadarai
Azərbaycana məğlubiyyətindən və müharibədən sonrakı siyasi böhrandan çıxmaq üçün Ermənistan rəhbərliyi seçim etməlidir.
 
Bunu Sfera.az-a açıqlamasında millət vəkili Nigar Arpadarai bildirib. 
 
Deputatın sözlərinə görə, ən məntiqli yol, Ermənistanın Azərbaycanla sülh yolunu seçməsidir: "Bunun üçün o, qonşularına qarşı ərazi iddialarından əl çəkməlidir. Bunun üçün Ermənistan qonşularına qarşı ərazi iddialarını təsbit edən konstitusiyada dəyişikliyin edilməsini və digər dərin siyasi islahatları həyata keçirməlidir. 

Amma görünəni odur ki, Ermənistan vərdiş etdiyi kimi, suverenliyinin alveri yolu ilə gedir. Bu gün Ermənistanın bütün planları güclü dövlət qurmaq üzərində deyil, xarici siyasət avantüraları üçün sponsor tapmaq üzərində qurulub".

Deputat Ermənistan tərəfinin Azərbaycanla Minsk Qrupu çərçivəsində danışıqlar istəməsi barədə də danışıb:

"Artıq Minsk Qrupu deyilən bir format yoxdur. Yəni məlum məsələdir ki, qrupa daxil olan iki ölkə arasında faktiki olaraq müharibə gedir və indi bu qrup hansısa məsələsini həll etmək iqtidarında deyil. Ümumilikdə Avropa qurumlarında ciddi islahatlara gərək var. ATƏT və Avropa Şurası kimi təşkilatlar öz missiyalarını həyata keçirə bilmədiklərini göstərdilər. Bu o deməkdir ki, dünyada və Avropada yeni təhlükəsizlik mexanizmlərinin yaranmasına ehtiyac var". 
 
Deputat qeyd edib ki, hərbi separatizm, digər ölkələrə qarşı ərazi iddiaları - bunlar son onilliklərdə qitəmizin təhlükəsizlik sisteminin üzləşdiyi ən böyük təhdidlərdəndir:
 
"Hərbi separatizmə dəstək göstərənlərə qarşı sanksiyalar sisteminin yaradılması önəmlidir - çünki separatizm təcavüz və ərazi iddiaları üçün ən çox istifadə edilən bəhanədir".

OXŞAR XƏBƏRLƏR