"Üç qurumun hərəsi əlinə bir iti qılınc alıb tibb işçilərini qıra-qıra gedirlər" - ETİRAZ

"İmişli rayonunda 85 həkim və 137 tibb bacısı çatışmazlığı var. Oxşar vəziyyət Salyan və Sabirabad rayonlarında da hökm sürür”.
 
Sfera.az bildirir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib. O bildirib ki, yaxın gələcəkdə ölkədə tibbi kadr çatışmazlığı yaşanacaq:

"Müvafiq tədbirlər görülməsə, önümüzdəki illərdə daha ciddi tibbi kadr çatışmazlığı ilə rastlaşacağıq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə nazirliyi hərəsi əlinə bir iti qılınc alıb tibb işçilərini qıra-qıra gedirlər!  Mənasız, məntiqsiz, tibb işçilərini dolaşdırıb praktiki fəaliyyətdən məhrum etmə və pul yığma aləti olan sertifikasiya imtahanları var.  Artıq neçənci dəfədir ki, bir kosmetoloq və bir mühasib mənə deyir ki, sertifikasiya imtahanından pulla keçmək istəyən tibb işçisi varsa deyin, düzüb-qoşaq”.

Mütəxəssis qeyd edib ki, praktiki həkimlik fəaliyyəti ilə məşğul olmayan sertifikasiya imtahanı mərkəzinin əməkdaşları, praktiki həkim fəaliyyəti ilə məşğul olan həkimləri imtahan edir:

"Bu qədər absurd ikinci bir məsələ ola bilərmi? Sığorta əlavələri həkimlərə vaxtında və qanunda nəzərdə tutulmuş şəkildə verilmir. Tanınmış həkim-uroloq Vasif İsmayıl da deyir ki, xəstəni əməliyyat etmişəm, sonda məlum olub ki, nəinki xeyir qazanmışam, mən hələ bu əməliyyatdan sığortaya 50 manat borcluyam. Tibb işçilərini bu müqəddəs peşədən iyrəndirməyin, tibb məmurları. Bunun bədəli ağır olacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR