Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? - "Azərbaycanın bu maddələri qəbul etməsi..."

Ermənistan 6 bəndlik yeni təkliflə nə etməyə çalışır? -
Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif  göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. O, təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.
 
Bununla bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, görünür, Ermənistanın təklif etdiyi maddələr Azərbaycanın təklif etdiyindən fərqlənir və buna görə də indi danışıqlar masası üzərində 11 bəndlik bir paketin olması məlum olur:

"Eyni zamanda, Qriqoryan Azərbaycan tərəfindən onların təklif etdiyi bəndlərə etirazın gəlmədiyini bildirib. Amma hələlik reaksiyanın olmaması Azərbaycanın bu maddələri qəbul etməsi anlamına da gəlməməlidir. Çünki, nə Prezident Administrasiyası, nə də Xarici İşlər Nazirliyi bu təkliflərin qəbul edilməsi və hətta daxil olması haqqında məlumat verməyib. Bu təkliflərin müzakirə mərhələsində olması və ya qəbul edilməsinin mümkünlüyü də sual altındadır. Belə olan halda Paşinyan hakimiyyətinin ortaya atdığı bu 6 bəndlik paket nə deməkdir? Görünən odur ki, erməni tərəfi Azərbaycanın təqdim etdiyi 5 bəndlik təklifi qəbul etməsi barədə dünya ictimaiyyətini məlumatlandırdıqdan bir neçə ay sonra tələsik qərar çıxardıqlarını anlayıblar. Yaxud, onların xaricdən olan məsləhətçiləri Azərbaycanın tələblərinin qəbul edilməsindən gələcək təsiri azaltmaq üçün əks tələblər irəli sürməyi məsləhət görüblər”.
 
Müsahibimiz bildirib ki, ermənilərin bu addımı daxili auditoriya üçün də hesablana bilər:

"Son günlər Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşdığını əsas gətirən müxalifət ölkə daxilində mitinqlərə başlayıb. Bu 6 bəndlə erməni iqtidarı müxalif qüvvələri əsassız iddialar irəli sürməkdə günahlandırmaq məqsədi də güdə bilər. Digər səbəb isə ermənilərin danışıqlar prosesini uzatmaq istəyindən irəli gəlmiş olar. Onlar Azərbaycanın təklif etdiyi maddələrə razılıq verməkdə səhv etdiklərini sonradan dərk edərək sülh müqaviləsinin imzalanmasına aparan yolu uzatmaq istəyirlər. Bu da onların köhnə adətidir.

Azərbaycan tərəfi təqdim etdiyi 5 tələbi üç ay bundan qabaq Paşinyan tərəfindən qeyd şərtsiz qəbul etdiyini əsas gətirərək erməniləri 6 bəndini qəbul etməyə bilər. Bu zaman nə Rusiya, nə də Avropadakı maraqlı dairələr bu barədə Azərbaycanın mövqeyini tənqid edə bilməyəcək. Həmçinin ermənilərin təqdim etdiyi maddələr Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyini hədəf almırsa, onları ikinci dərəcəli maddələr kimi müzakirə masasına çıxara bilər. Amma bütün bunlardan öncə ermənilərin təklifləri  dərindən öyrənilməli və onları təqdim etməklə erməni tərəfinin həyata keçirmək istədiyi məqsədlər aydınlaşdırılmalıdır”.

Günay Rəsulqızı 
Sfera.az

OXŞAR XƏBƏRLƏR