“AccessBank”ın yığılmış zərəri 175 milyon manatdır

“AccessBank”ın yığılmış zərəri 175 milyon manatdır
Devalvasiyaya qədər Azərbaycanın ən böyük banklarından olan "AccessBank” QSC hələ də əvvəlki mövqeyini bərpa edə bilmir. Bankın kifayət qədər zərəri var və gəlirlərdəki artım zərərin tezliklə bağlanmasına imkan vermir.

Sfera.az bildirir ki, 2016-cı ilin sonuna qədər bankın aktivləri 1 milyard manatdan çox idi və maliyyə qurumu yaxşı gəlir əldə edirdi. Amma 5 ildən çoxdur ki, bank aktivlərini 1 milyard manat həddinə çatdıra bilməyib.

Bank üçün hazırda əsas problem bölüşdürülməmiş zərərin çox olmasıdır. 2022-ci ilin aprelin 1-də bankın 174,75 milyon manat bölüşdürülməmiş zərəri var. Bölüşdürülməmiş zərər əvvəlki illərdən qalıb və bank yaranan zərərdən xilas ola bilmir.

Bankın digər problemi risklərin çox olmasıdır. Buna görə də bank mümkün zərərlər  üçün yaradılan məqsədli ehtiyat fondunda böyük məbləğdə pul saxlayır. Son məlumata görə sözügedən fondda 37,38 milyon manat vəsait var.

"AccessBank” üçün əsas hədəflərdən biri əvvəlki mövqeyini bərpa etməkdir. Bank hələ də aktivlərini 1 milyard manata çatdıra bilməyib. Hazırda bankın 983,1 milyon manat aktivi var və bu, 2016-cı ildəki həcmdən (1,06 milyard manat) azdır.

Qeyd edək ki, "AccessBank” xarici bankdır və 8 böyük səhmdara sahibdir. Səhmlərinin 19,9 faizi Asiya İnkişaf Bankına, 17,39 faizi Avropa İnvestisiya Bankına, 16,56 faizi Beynəlxalq Maliyyə Korporasiyasına, 54 faizi digər maliyyə qurumlarına  məxsusdur.
 
Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR