Vaşinqton Asiyaya diqqəti artırıb: Baydenin əsas məqsədi AÇIQLANDI

Media
13:13 / 03.05.2022
2060
"Vaşinqton
Rusiya-Ukrayna müharibəsi fonunda Asiyadakı müttəfiqlərini də unutmur. ABŞ,
Avstraliya və Böyük Britaniya hipersəsə malik silahların istehsalı məsələsində əməkdaşlıq
edəcəklərinə qərar veriblər. Bundan başqa Avstraliya ABŞ-ın dəstəyi ilə atom sualtı
gəmilərinin istehsalı prosesinə başlayıb”.
Sfera.az
xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun
sözlərinə görə, Pekin bu gedişatı anti-Çin addımları kimi dəyərləndirib:
"ABŞ,
Böyük Britaniya və Avstraliya Ukraynadakı müharibə fonunda hərbi zəmində əməkdaşlığı
genişləndiriblər. Bu ölkələr Çinin adını çəkməsələr də, hər üçünün Pekinlə
münasibətlərində ciddi problemlər var. Pekin hesab edir ki, ABŞ Sakit okean
bölgəsində silahlanma yarışını sürətləndirib, bu isə yeni "soyuq müharibəyə” və
sabitliyə zərbə vurur. Halbuki Çinin özü də son illər eyni bölgədə hərbi
varlığını artırıb. Pekin Sakit okean bölgəsindəki gərgin durumun Ukraynadakı
durumdan fərqlənmədiyi qənaətindədir. Vaşinqtonun isə proqnozu belədir ki, Çin
yaxın illərdə Çin Tayvan adasını ələ keçirməyə çalışacaq. Vaşinqton bunun
qarşısını almaq üçün indidən bölgədəki müttəfiqlərini hərəkətə gətirib.
Bu
arada, ABŞ Prezidenti Co Baydenin 20-24 may arasında Cənubi Koreya və
Yaponiyaya səfər edəcəyi xəbəri yayılıb. Bayden administrasiyasının bu səfərlə
bağlı iki məqsədi var. Birinci məqsəd Seulda və Tokioda təhlükəsizlik
mövzularını, o cümlədən Çin və Şimali Koreya təhlükəsini müzakirə etməkdir.
Şimali Koreya lideri beynəlxalq aləmin diqqətinin Ukraynaya yönəldiyini fürsət
bilərək nüvə başlığı daşıya bilən raketlərin sınaqlarını artırıb. Liderin ətrafı
isə son vaxtlar Cənubi Koreyanı hədələməyə başlayıblar. Baydenin səfərinin
ikinci məqsədi təhlükə fonunda Cənubi Koreya ilə Yaponiya arasında əməkdaşlığı
gücləndirməkdir. Hər ikisi Şimali Koreyanın raket sınaqlarını bölgə üçün təhlükə
mənbəyi sayırlar”.
E.
Şahinoğlunun sözlərinə görə, Cənubi Koreya ilə Yaponiya arasında sualların sayı
az deyil:
"Yaponiya
İkinci Dünya müharibəsindəki məğlubiyyətinə qədər uzun illər Koreya
yarımadasını işğalda saxlayıb. Bu illərdə xeyli koreyalı həlak olub. Yaponiya
müharibədən sonrakı illərdə itkilərə görə Cənubi Koreyaya təzminat ödəsə də,
münasibətlər tam normallaşmayıb. Misal üçün Yaponiyanın baş nazirləri hər il
yapon hərbçilərin basdırıldıqları qəbirsanlıqları ziyarət edirlər. Həmin qəbirsanlıqlarda
isə koreyalılara və çinlilərə zülm edən hərbçilər də basdırılıb. Hər halda Çin
və Şimali Koreya təhlükəsi Seulla Tokio arasında əməkdaşlığı genişləndirməyi
diktə edir.
Baydenin
Asiyaya turnesi çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderlərinin
iştirakı ilə sammit də keçiriləcək. Bu dövlətlərin liderləri arasında ilk
sammit ötən ilin sentyabrında Vaşinqtonda keçirilmişdi. 24 mayda keçiriləcək
ikinci sammitə Yaponiya ev sahibliyi edəcək. Tokio Çin və Şimali Koreya ilə
yanaşı, artan Rusiya təhlükəsindən də ehtiyat edir. Yaponiya Rusiya ilə əməkdaşlığı
aşağı səviyyəyə endirib. Belə vəziyyətdə Tokionun Vaşinqtonun hərbi dəstəyinə
daha çox ehtiyacı yaranıb”.