Uşaqlar hər iki valideynin soyadını daşıya biləcək – YENİ QAYDA

Media
13:41 / 28.04.2022
1952
İtaliya Konstitusiya Məhkəməsi yeni doğulan uşaqlara hər iki valideynin soyadının verilməsinə qərar verib.
Sfera.az xarici KİV-ə istinadən bildirir ki, İtaliyanın cənubundakı Basilikata bölgəsində bir cütlüyün başlatdığı məhkəmə prosesi Konstitusiya Məhkəməsinin qərarı ilə yekunlaşıb.
Sözügedən ər-arvadın nikahdan əvvəl doğulan uşaqları ana soyadını, üçüncü övladları isə nikahdan sonra avtomatik olaraq ata soyadını daşıdığından, bacı-qardaşlar arasında fərqli soyad probleminin yaşanmaması üçün məhkəmə prosesi başlayıb.
Üçüncü övladının da ilk iki bacı kimi ana soyadını daşımasını istəyən cütlük məhk’məyə müraciət edib. Ali məhkəmə isə italyan cütlüyün xeyrinə qərar çıxarıb.
Məhkəmə uşaqların avtomatik olaraq atasının soyadını götürməsi qaydasını dayandırıb. Qərarda atanın soyadının uşaqlara birbaşa verilməsi qaydasının "ayrı-seçkilik və uşağın şəxsiyyətinə xələl gətirən” olduğu bildirilib.
Ali məhkəmə uşaqlara həm ananın, həm də atanın soyadının verilməsinə və bunun hər iki valideynin razılaşdığı qaydada tətbiq edilməsinə qərar verib. Ailələr soyadların ardıcıllığı ilə bağlı razılığa gələ bilməsələr, bununla bağlı hakimin qərar verəcəyi bildirilib.
Əzizə Zeynal
Sfera.az