Qərb Putini yenə QƏZƏBLƏNDİRƏCƏK: Suriya və Liviyada istifadə edilən silahlar göndərilir

Qərb Putini yenə QƏZƏBLƏNDİRƏCƏK: Suriya və Liviyada istifadə edilən silahlar göndərilir
ABŞ və müttəfiqlərinin Almaniyada keçirilən sammitində Rusiya əleyhinə yeni qətnamələr qəbul edilib.
 
Sfera.az bildirir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ev sahibliyi etdiyi Ramşteyn Hava Bazasındakı Ukrayna toplantısına NATO üzvləri ilə yanaşı, Afrika və Asiya kimi müxtəlif qitələrdən olan ölkələr də qatılıb. Sözügedən görüş indi ayda bir dəfə təkrarlanacaq və Ukraynanın silah ehtiyacları müzakirə olunacaq.
 
Zirvə toplantısında elan edilən mühüm addımlardan biri də işğaldan əvvəl Ukraynaya silah göndərməkdən imtina edən Almaniyanın cəbhə xəttinə tanklar göndərəcəyini açıqlaması olub. Almaniyanın müdafiə naziri Kristin Lambrext "Gepard” hava hücumundan müdafiə tanklarının Ukraynaya göndəriləcəyini rəsmən dünyaya bəyan edib. Almaniyanın "Krauss-Maffei Wegmann” (KMW) silah şirkəti tərəfindən istehsal olunan 50-dən çox "Gepard” tankı Ukraynaya çatdırılacaq. Berlin administrasiyasına yaxın mənbələr bildiriblər ki, tanklar birbaşa KMW anbarlarından Ukraynaya daşına bilər və bunun üçün xərclər Almaniya və ya NATO büdcəsi hesabına qarşılanacaq. Almaniya naziri Lambrecht, "”Gepard” hazırda Ukraynada ən çox ehtiyac duyulan müdafiə silahıdır və onun hava məkanını qorumağa kömək edəcək”, - deyə söyləyib.

Digər tərəfdən, ABŞ-la birlikdə Ukraynaya ən çox silah göndərən ölkələr arasında yer alan İngiltərə "Stormer" zirehli maşınlarından sonra daha bir diqqətçəkən addım atıb. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippey deyib ki, bir neçə həftə ərzində Ukraynaya gəmi əleyhinə "Brimstone” raketləri göndəriləcək. Məlumata görə, sürətlə hərəkət edən quru və dəniz hədəfləri üçün nəzərdə tutulmuş raketlər təyyarələrdən atılır. BBC xatırladıb ki, sözügedən silah Suriya və Liviyada da istifadə olunur. Britaniyanın xarici işlər naziri Liz Truss isə bildirib ki, onun ölkəsi və ya digər Qərb dövlətləri Ukraynaya döyüş təyyarələri göndərməlidir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR