Günlər sonra üzə çıxdı: Sevgilisi Putinə belə dəstək verdi - VİDEO

Media
14:43 / 26.04.2022
1255
Putinin sevgilisi olduğu iddia edilən Alina Kabaeva müharibə başlayandan bəri ilk dəfə görüntülənib.
Sfera.az bildirir ki, İsveçrədə gizləndiyi və müharibə başlayandan sonra Rusiyadakı nüvə bunkerinə getdiyi iddia edilən Alina Moskvada vətənpərvərlik gimnastikası festivalında iştirak edib. Kabayevanın rəhbərlik etdiyi festivalın təfərrüatları isə diqqət çəkir.
Belə ki, yayılan videoda olimpiadanın qızıl medalçısı 38 yaşlı Kabayevanın səhnəyə çıxdığı görünür. Tədbirdə çıxış edən Kabayeva "Hər ailənin müharibə hekayəsi var. Bu hekayələri unutmamalı və nəsildən-nəslə ötürməliyik. Bu nümayiş təkcə keçmişimizdən bəhs etmir, həm də bu gün apardığımız mübarizəyə işıq salır”, - deyərək Rusiyanın Ukraynaya hücumlarında istifadə etdiyi neonasizm iddialarına toxunub.
Tədbirdə Sovet İttifaqının faşist Almaniyasına qarşı qələbəsindən bəhs edilərkən, hekayəni gücləndirmək üçün Qırmızı Ordu xoru tərəfindən vətənpərvərlik mahnıları oxunub.Həmçinin rus ordusunun istifadə etdiyi "Z” və "V” simvolları balet tamaşasının bir çox yerində göstərilib. Bunun Ukraynada davam edən müharibəyə işarə etdiyi, beləliklə davam edən savaşın dəstəkləndiyi bildirilir.
Şou bütöv halda 8-9 may tarixlərində Qırmızı Meydanda keçiriləcək hərbi paraddan əvvəl yayımlanacaq.
Qeyd edək ki, fevralın 24-də Rusiya ordusunun Ukraynaya hücumundan sonra hərbi maşınların üzərində yazılan "Z” və "V” simvolları diqqət çəkib. Mövzu ilə bağlı bir çox nəzəriyyə irəli sürülmüş olsa da, bu simvolların mənası açıq şəkildə deşifrə edilməyib.
Alina Kabayeva isə Rusiyanın ən sirli qadınlarından biri kimi tanınır. Rusiyanın "Cosmopolitan” jurnalı keçmişdə Kabayevanı "Rusiyanın qeyri-rəsmi birinci xanımı” kimi şərh edib.
Günay Rəsulqızı
Sfera.az