Makronun qələbəsi bizim regiona nə vəd edir? - ŞƏRH

Media
16:10 / 25.04.2022
580
"Makronun yenidən Fransa prezidenti seçiləcəyi bəlli idi. Seçkilərdən öncə aparılan sorğular, eyni zamanda birinci turun göstəriciləri də nəticənin Makronun lehinə yekunlaşacağını deməyə əsas verirdi”.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Emmanuel Makronun yenidən Fransa Prezidenti seçilməsi haqda danışarkən deyib.
Müsahibimiz bildirib ki, Makronun prezident seçilməsinin bir neçə səbəbi var:
"Birincisi, prezident seçkilərində Emmanuel Makronun rəqibləri elə də güclü deyildi. Makronun seçkilərdə ən yaxın rəqibi Milli Birlik Partiyasının sədri Marin Le Penə seçicilərin 42 %-ə qədəri səs verib.
İkincisi, Makron seçkilərdə qlobalistləri təmsil edirdi. Bu da onun seçkilərdə daha güclü dəstək alması ilə nəticələndi.
Üçüncüsü və ən önəmlisi, Emmanuel Makronun yürütdüyü siyasət ənənəvi Fransa siyasəti ilə uzlaşır”.
Politoloq seçkilərdə Emmanuel Makronun ən yaxın rəqibi olan Milli Birlik Partiyasının sədri Marin Le Penin məğlub olması haqda danışıb:
"Makrondan fərqli olaraq Le Pen milliyyətçi idi. Digər tərəfdən, onun son zamanlar sərgilədiyi irqçi, islamafob və ruspərəst mövqeyi də Le Penin məğlubiyyətini şərtləndirirdi”.
S. Hümbətov Makronun ikinci dəfə prezident seçilməsinin dünya və region siyasətinə təsirlərindən bəhs edib:
"Makron ikinci prezidentlik dönəmində çalışacaq ki, Fransanı xarici siyasətdə yenidən aktivləşdirsin. Makron rəsmi Parisin son 10 ildə Afrikada itirdiyi mövqelərini geri qazanmağa çalışacaq. Bundan başqa Ermənistanla Azərbaycan arasındakı proseslərdə daha aktiv bir Fransa görə biləcəyik”.