"Rusiya ancaq bundan sonra sülh istəyəcək" - AÇIQLAMA

Media
13:47 / 25.04.2022
1968
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç ötən gün müsahibələrinin birində deyib ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsindən sonra müharibəni bitirmək və sanksiyaların ləğvi üçün sülh danışıqlarına qayıtmaq niyyətindədir.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın Ukrayna ilə bağlı birinci A planı oranı bütövlükdə işğal etməkdən ibarət idi:
"Amma buna nail ola bilmədiyi üçün B planına keçdi. Konkret olaraq öz hərbi qüvvələrini Donbass və cənub-şərq istiqamətində yerləşdirdi. İndi Rusiyanın əsas məqsədi Donbass, Mariupolu Odessa istiqamətində işğal etmək, Ukraynanın Qara, Azov dənizinə çıxışını bağlamaqla danışıqlar prosesinə qayıtmaqdır. Onun bu planı bəlli idi. Buna nail olduqdan sonra danışıqlara gedərək bu istiqamətdə müəyyən şərtlərini irəli sürəcək. Xüsusilə, Rusiyanın burada qondarma "Novarassiya” respublikası yaratmaq niyyəti var. Hesab edirəm ki, sözügedən şərtlərlə Ukrayna tərəfi barışmayacaq, müharibəni davam etdirəcək”.
Müsahibimiz Ukraynanın əsas planından da söz açıb:
"Donetsk və Luqanskı da işğaldan azad etmək onun məqsədlərindən biridir. Düşünürəm ki, müharibə uzanacaq və bu prosesdə Rusiya məğlub olacaq. Təbii ki, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviçin verdiyi məlumat həqiqəti özündə əks etdirir. Amma Donetsk və Luqansk Ukrayna tərəfindən nə qədər gec azad olunsa, bir o qədər də müharibə Rusiyanın məğlubiyyəti ilə bitəcək. Lakin müharibə bir neçə ay davam edə bilər, Rusiya Donbass, Mariupol istiqamətində əldə etdiyi əraziləri geri qaytarmaq fikrində deyil”.
Günay Rəsulqızı
Sfera.az