Makron necə qalib gəldi? - "Çox adam artıq ona inanmır, sentyabrda etiraz aksiyaları başlayacaq"

Media
12:08 / 25.04.2022
1274
Fransa prezidenti Makronun qələbəsi dünya mediasında gündəm olub.
Sfera.az bildirir ki, ekspertlər bu uğurun arxasında "qütbləşmə siyasətinin” dayandığını və ictimaiyyətin seçilmiş şəxsin legitimliyini şübhə altına almağa başladığını vurğulayıblar.
"BBC”nin müxbiri Haf Skofildin təhlili belədir:
"Emmanuel Makron müasir dövrdə ölkəni tam bir müddət idarə etdikdən sonra ikinci dəfə xalqın etimadını qazanmağı bacaran ilk siyasətçi oldu. Fransanın hökumətlərə münasibətini nəzərə alsanız, bu, böyük nailiyyətdir. Makron bu uğuru iki yolla əldə edib. Bunlardan birincisi növbəti beş il ərzində faydalı olacaq. Ancaq sonuncu üçün eyni şeyi demək olmaz. Sosial mediada "Kasıb və qəzəbli kəndlilərin varlı parislilərə qarşı” karikaturalı hekayələrindən kənara baxanda milyonlarla fransız Makronun pis prezident olmadığını düşünür. Bu insanların qiymətləndirdiyi şeylər arasında Makronun islahatlarının köməyi ilə işsizliyin artıq problem olmamasıdır. Onlar ölkənin Covid-19-a qarşı mübarizəsini uğurlu hesab edir və pensiya yaşının artırılmasının qaçılmaz olduğunu düşünürlər. Bundan əlavə, beynəlxalq siyasətdə səriştəli lider olmaq da üstünlük verilməsinə səbəb olub. Yelisey sarayında əyləşəcək liderin heç bir nəticə verməsə də, Putinlə danışa bilmək reputasiyasına sahib olduğuna sevinirdilər. Onlar, həmçinin düşünürlər ki, Makronun prezidentliyi dövründə Fransa Avropaya rəhbərlik etməyi hədəfləyə bilər və onun Avropa İttifaqı üçün daha çox hərbi və iqtisadi muxtariyyət tələbi bu gün daha da aktualdır. Onunla Marin Le Pen arasında ən böyük fərq bu sahədə idi. Bu seçicilərin Emmanuel Makrona xüsusi sevgisi yoxdur, lakin ona hörmətlə yanaşırlar”.
Jurnalist, həmçinin qeyd edib ki, Jean-Luc Melenchona səs verən milyonlarla insan Makrondan qisas almaq istəyir:
"Onlar bunu iyunda keçiriləcək parlament seçkilərində etmək niyyətindədirlər. Əgər o zaman uğursuzluğa düçar olsalar, sentyabr ayında küçələrdə Makron əleyhinə nümayişlər keçirərək, xüsusən də yeni islahatlara qərar verərsə, "üçüncü raundda” qalib gələcəklərinə ümid edirlər. Təbii ki, Makron yeni vəzifəsinə yeni vədlərlə başlayacaq, başqalarını daha çox dinləyəcək. Amma çox adam artıq ona inanmır”.
Siyasi şərhçi Nataşa Poloni isə, "Bu seçki təkcə Fransaya iki fərqli baxışın olduğunu göstərmədi. Bu həm də onu göstərdi ki, bir baxışa inananlar digərlərini getdikcə qeyri-qanuni görürlər. Keçmiş seçkilərdə xalq, qalibi bütün ölkənin prezidenti kimi qəbul edirdi. Bunun eyni şəkildə davam edəcəyinə əmin deyiləm", - deyə əlavə edib.
Günay Rəsulqızı
Sfera.az