Ukraynalılardan niyə anket doldurmaq tələb olunur? - Zelenski yeni planı ifşa etdi

Ukraynalılardan niyə anket doldurmaq tələb olunur? - Zelenski yeni planı ifşa etdi
Ukrayna lideri Zelenski Rusiyanın yeni planını açıqlayıb.
 
Sfera.az bildirir ki, o, videomüraciətində Rusiyanın işğal etdiyi Xerson və Zaporojye vilayətlərində qondarma müstəqillik referendumu keçirməyi planlaşdırdığını deyib. 

Vətəndaşlarından işğalçı əsgərlərə verdikləri məlumatlarla bağlı diqqətli olmalarını istəyən Zelenski, "Rusiya qoşunları sizdən bəzi anketləri doldurmağı, pasport məlumatlarınızı verməyinizi istəsələr, bilməlisiniz ki, bu sizə kömək etmək üçün deyil”, - deyə söyləyib. 

Referendum nümayişi ilə bağlı Moskvadan göstəriş gözlənildiyini açıqlayan Ukrayna lideri "Sizin torpağınızda qondarma referendum keçirməyi planlaşdırırlar. Bu, həqiqətdir, diqqətli olmaq lazımdır", deyib.

Çıxışı zamanı Zelenski Rusiyanı hədələyib və ilhaq cəhdinin Rusiyaya qarşı yeni sanksiyalara səbəb olacağını, bu ölkənin 1917-ci il vətəndaş müharibəsindən sonra heç vaxt olmadığı qədər yoxsullaşacağını bildirib.

Xatırladaq ki, martın əvvəlində Kiyev Moskvanın Xersonda referenduma hazırlaşdığı barədə xəbərdarlıq etmişdi. Ukrayna mənbələri iddia edir ki, rus qoşunları qondarma referendum üçün seçki bülletenləri çap edib və Rusiya təbliğatını ehtiva edən vərəqələr paylayıblar. Rusiya 2014-cü ildə ilhaq etdiyi Krımda da analoji referendum keçirib və xalqın böyük əksəriyyəti Rusiya Federasiyasına qoşulmağa səs verib. Rusiyanın bölgəni ələ keçirməsindən sonra keçirilən bu səsvermə Ukrayna hökuməti və Qərb tərəfindən qeyri-qanuni olaraq pislənib.

Fevralın 24-də başlayan Ukrayna işğalı zamanı Xerson Rusiya qüvvələri tərəfindən ələ keçirilən ilk böyük şəhər olub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR