Deputat məktəblərdə baş verən kriminal hadisələrdən DANIŞDI: "Ciddi cəza tədbirləri görülməlidir"

Deputat məktəblərdə baş verən kriminal hadisələrdən DANIŞDI:
Son günlər məktəblilərin davranışları ilə bağlı xoş olmayan xəbərlərin sayında artım müşahidə olunur. Özəlliklə, üzərində bıçaq kimi kəsici alətlər daşıyan, bir-birilərinə və ya müəlliminə zərər yetirən şagirdlərin sayı artıb. Elə ötən gün Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılmış, bundan qabaq da oxşar hadisə Siyəzən rayonunda baş vermişdi.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən deputat, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, sözügedən hadisələr təkcə məktəbin deyil, bütövlükdə cəmiyyətin problemidir:

"Təəssüf ki, bu gün cəmiyyətimizdə xoşagəlməz proseslər müşahidə olunur. Bir az aqressivləşmə var, bəzən münasibətlərin kəskinləşdiyi görülür. Hesab edirəm ki, burada həm ailələrin, həm də məktəbin üzərinə böyük məsuliyyət düşür. Hazırda təəssüf ki, valideynlər bir sıra hallarda övladlarını nəzarətdə saxlaya, onların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirlər. Bu da yekunda gənclərin tərbiyəsində problemlərin müşahidə edilməsinə gətirib çıxarır. Məktəblərdəki şagirdlərin hər biri müşahidə altında olmalı, öz yoldaşları ilə münasibətləri normal olmayan şagirdlər xüsusi diqqətdə saxlanılmalıdır”.

Müsahibimiz bildirib ki, burada həm məktəb direktorları, həm valideynlər, həm də müəllimlər məsuliyyət daşıyırlar:

"Sinif rəhbərləri, direktorlar gənclərlə sıx təmasda olmalıdır. İş yalnız tədrislə bağlı olmamalıdır, şagirdlərin tərbiyəsi istiqamətində də çox sıx iş aparılmalı, bu məsələ hər zaman xüsusi diqqətdə saxlanılmalıdır ki, biz belə halları görməyək. Eyni zamanda sözügedən hadisələr baş verərsə, ciddi cəza tədbirləri görülməlidir – bu, birmənalıdır. Yəni həmin şagirdlə bağlı tədbirlər görülməlidir ki, yenidən belə addım atacağı halda, ciddi şəkildə cəzalandıralacağını bilsin. Digər tərəfdən, maarifləndirmə işləri aparılmalı, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verilməlidir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR