Zelenski sui-qəsdə qurban getsə... - "Müharibə daha da şiddətlənəcək"

Zelenski sui-qəsdə qurban getsə... -
Rusiya-Ukrayna müharibəsi başlayandan bir neçə dəfə Volodimir Zelenskiyə sui-qəsd planları barədə məlumatlar olub. Bu dəfə də Çeçenistan lideri Ramazan Kadırov açıq formada Ukrayna liderini təhdid edib: "Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Ay axmaq, sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var. Sən son günlərini yaşayırsan”, - deyə o söyləyib.
 
Zelenskinin hər hansı sui-qəsd planının qurban olma ehtimalı varmı? Bu plan reallaşarsa, Rusiya-Ukrayna müharibəsinin aqibəti necə olar?

Bu barədə Sfera.az-a danışan Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Ukraynaya işğalı fonunda Zelenskinin aradan götürülməsi də plana daxil idi:

"Ona qarşı bir neçə dəfə sui-qəsd cəhd edilib, lakin reallaşmayıb. Müharibənin potensial təhlükəsi fonunda rus qoşunlarının Kiyev ətrafında cəmləşdiyi məqamda, Ukrayna liderinin öldürülməsinə çalışılıb. Hazırda bu plan yenə də var, rus qoşunları Kiyev ətrafından çəkilsə də, onların hədəfi məhz Zelenskidir. Çünki Ukrayna dirəşinin başında bu adam dayanır. Onun aradan götürülməsi Kremlin ən başlıca xəttidir”.

Müsahibimiz bildirib, söylənənlərə baxmayaraq, həm Ukrayna kəşfiyyat orqanları, həm də Qərbin verdiyi dəstək əsasında Zelenski kifayət qədər mühafizə olunur:

"Kadırova gəldikdə isə, o, Putinin canişinidir və hesab edirəm ki, ciddi biri kimi də qəbul edilmir. Ümumiyyətlə, Zelenskinin aradan götürülməsi, Ukraynanın müəyyən dərəcədə müqavimətini zəiflədə bilər, amma Rusiyanın da qalib gəlmək şansı yoxdur. Bu hal baş verərsə, müharibə daha da şiddətlənər, proses dalana dirə bilər. Rusiyanın Zelenskini öldürmək planı baş tutmayacaq və o, sona kimi Ukraynanın rəhbəri qalacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR