Qiymət artımlarının sürətlənməsinə əlavə dəstək - Lirə ən çox ucuzlaşan valyutadır - TƏHLİL

Qiymət artımlarının sürətlənməsinə əlavə dəstək - Lirə ən çox ucuzlaşan valyutadır - TƏHLİL
Türk lirəsi son bir ildə ən çox dəyər itirən valyuta olub. Ötən müddətdə ABŞ dollarının lirəyə qarşı məzənnəsi 80 faizdən çox yüksəlib. Keçən ilin aprelin 13-də 8 lirəyə dəyişdirilən bir dollar hazırda 14,7 dollara təklif olunur. Müqayisə edilən dövrdə dolların 6,7 lirə bahalaşması qeydə alınıb.
 
Bu müddətdə əks məzənnə, yəni lirə/dollar məzənnəsi isə 0,125-dən 0,068-ə qədər enib. Başqa sözlə, son bir ildə lirə dollarla müqayisədə 46 faizə yaxın ucuzlaşıb.
 
Sfera.az bildirir ki, türk lirəsinin ucuzlaşmasının əsas səbəbi Türkiyənin tədiyə balansında, xüsusən də onun cari əməliyyatlar hissəsində kəsirin yaranması ilə bağlıdır.
 
Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, 2022-ci ilin fevralında aylıq müqayisədə cari əməliyyatlar kəsiri 2,71 milyard dollar, illik müqayisədə isə 5,15 milyard dollar təşkil edib. Qeyd edək ki, cari əməliyyatlara ölkənin xarici ticarəti, xidmətlərin alqı və satqısı, ilkin gəlirlər və təkrar gəlirlər daxildir.
 
Türkiyədə cari əməliyyatların kəsirinin yaranmasına ən böyük "töhfə”ni xarici ticarət verib. 2022-ci ilin fevralında xarici ticarətdə illik müqayisədə 6 milyard dollardan çox kəsir olub ki, bu da ümumən cari əməliyyatlar hesabının mənfi olmasına şərait yaradıb. Milli valyutanın kəskin ucuzlaşması arzuedilməz haldır. Bu halda ölkədə qiymət sabitliyi pozulur, qiymətləri tənzimləmək çətinləşir və nəticədə inflyasiya idarəolunmaz həddə çatır. Türkiyədə son bir ildə inflyasiyanın 61,14 faizə yüksəlməsi də məhz kəskin məzənnə dəyişikliyinin əlamətlərindən biridir.
 
Qiymətlər hədəflənən səviyyədən çox artdıqda mərkəzi banklar zəruri tədbirlər görməlidir. Çünki mərkəzi bankların əsas məqsədi qiymətlərin sabitliyini təmin etməkdir. Bu məqsədə müvafiq olaraq Türkiyə Mərkəzi Bankı monetar (pul-kredit) siyasətini sərtləşdirməli idi. Pul-kredit siyasətinin sərtləşdirilməsinin əsas göstəricisi isə faizlərin artırılmasıdır. Lakin gözlənildiyinin əksinə olaraq Mərkəzi Bank faizləri nəinki artırmadı, əksinə daha da azaltdı. Uçot dərəcəsi ötən ilin sentyabrında 19 faiz olduğu halda, dekabrın sonuna kimi tədricən azaldılaraq 14 faizə salındı.Yüksək inflyasiya şəraitində uçot dərəcəninin azaldılması lirənin bir qədər də ucuzlaşmasına, ucuzlaşan lirə isə qiymət artımlarının sürətlənməsinə əlavə dəstək verir. Belə ki, sentyabrda illik inflyasiya 19,6 faiz olduğu halda dekabrda 36 faizi, 2021-ci ilin martında 61 faizi ötdü. Bir qayda olaraq inflyasiya səviyyəsi həddən artıq yüksəldikdə mərkəzi banklar uçot dərəcəsini, borc faizlərini artırmaqla, eyni zamanda dövriyyədə olan pul kütləsini azaltmaqla monetar siyasətini sərtləşdirir. Sərt maliyyə siyasəti ölkədə iqtisadi aktivliyi zəiflətsə də, inflyasiyanın tənzimlənməsinə kömək edir.

Lakin Türkiyə Mərkəzi Bankı əks mövqe sərgilədiyindən inflyasiyanı cilovlamaq mümkün olmur.
 
Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...