Maradonanı həkimləri öldürüb? – Onu müalicə edən şəxslər mühakimə olunacaq

Media
17:32 / 14.04.2022
901
Dieqo Maradonanı müalicə edən 8 həkim ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı "France24” yayıb.
Hüquq-mühafizə orqanları səkkiz həkimin səhlənkarlıq göstərdiyini və ev terapiyası zamanı onu köməksiz qoyduğunu bildirib. Onların hərəkətləri qeyri-adekvat və ehtiyatsızlıq kimi qiymətləndirilib.
Aralarında tibb bacısı, psixoloq, psixiatr və neyrocərrahın da olduğu təqsirləndirilən şəxslər günahkar bilinərsə, onları 8 ildən 25 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölüm səbəbi ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi olub. Polis şəxsi həkimin, eləcə də ölüm günü evdə növbətçi tibb bacısının səhlənkarlığından şübhələnib və araşdırmalara başlayıb.
Həkimlərin dediyinə görə, Maradona noyabrın 25-i səhər saat 4-dən 6-ya kimi yatarkən dünyasını dəyişib. Lakin bu məlumat çağırışa gələn həkimlərin hərəkətləri və şahidlərin ifadələri ilə ziddiyyət təşkil edir. Belə ki, Maradonanın yanına ilk gələn həkim saat 13:15-də onun öldüyünü elan edib, bundan əvvəl 45 dəqiqə ərzində onu reanimasiya etməyə çalışıblar.
Vasif
Sfera.az