Soyuq havalara görə bu meyvələr gec yetişəcək – AÇIQLAMA

Soyuq havalara görə bu meyvələr gec yetişəcək – AÇIQLAMA
Bu il yaz ayları üçün ölkə ərazində hava rejimi qeyri-stabil keçdi. Hazırda qərb rayonlarının bəzilərində qarlı hava müşahidə edilməkdədir.
 
Yaz üçün xarakterik olmayan hava normasının təsərrüfata, meyvəçiliyə hansı şəkildə təsir edəcəyi sual doğurur.
 
Mövzu ilə bağlı Sfera.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov soyuq hava səbəbilə bu il mövsümi meyvələrin bir qədər gec yetişəcəyini deyib:

"Bu il havalar ötən beş ilə nisbətdə soyuq keçdi. Bitkilərin müəyyən bir temperatura dözümü var. Havanın tempraturu mənfi 5 dərəcədən aşağı olduqda  çiçəkləmə, inkişaf dövründə problemlər yaranır. Lakin Azərbaycanda bu il o qədər soyuq olduğunu müşahidə etmədik. Bu zamanlarda havanın isti keçməsi torpağın isinməsi üçün vacib idi. Ona görə ola bilsin ki, müəyyən müddətdən sonra əvvəlki illərə nisbətdə meyvələr gec yetişsin. Yəni ötən ilə nisbətdə yetişmə prosesi 5-10 gün arası dəyişə bilər. Bu da iqlim dəyişikliyi üçün normal haldır”. 

Ekspert havanın soyuq olmasının ümumi məhsuldarlığa xeyirli olacağını bildirib:

"Hər il hava bu şəkildə keçərsə, məhsuldarlıq üçün yaxşı olacaq. Qış ayında havanın isti olması yaxşı deyil. Yazın əvvəlində də nisbətən soyuq hava karakterikdir. Soyuq havalar əkin proseslərini bir qədər gecikdirə bilər.  O da zamanla bərpa olacaq. Hava normal vəziyyətdə olduqdan sonra bərpa işləri tamamlanacaq”. 

Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR