NATO əməliyyatlara hazırlaşır: Hərbi qüvvə haralara yerləşdirilir?

Media
14:10 / 05.04.2022
992
NATO-nun şərq cinahı mümkün əməliyyatlara hazırlaşır.
Sfera.az bildirir ki, qurumdan Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana göndərdiyi əsgərlərlə bağlı yeni açıqlama gəlib. Almaniyanın xəbər agentliyinə danışan NATO sözçüsü sözügedən ölkələrə göndərilən yeni döyüş hissələrinin əməliyyat hazırlığı baxımından birinci səviyyəyə çatdığını deyib. NATO bu ölkələrdəki hərbi qüvvələrinin sayı və xarakteri ilə bağlı dəqiq açıqlama verməyib. Lakin martın 21-də açıqlanan siyahıda hazırda Slovakiyada Almaniya, Amerika Birləşmiş Ştatları (ABŞ), Hollandiya və Çexiya kimi ölkələrin göndərdiyi əsgərlərdən ibarət 2 100 NATO əsgərinin olduğu bildirilib.
Macarıstanda Xorvatiyadan 800, Bolqarıstanda isə ABŞ-dan 900 əsgərin olduğu məlum idi. Rumıniyada ABŞ, Fransa, İtaliya və Belçika kimi ölkələrdən 3 300 əsgər yerləşdirilib. Yeni döyüş bölmələri NATO-nun Rusiyaya qarşı müdafiə qabiliyyətini artırmaq məqsədi daşıyır. İndiyədək NATO çoxmillətli bölmələrini yalnız Polşa, Estoniya, Latviya və Litvada daimi olaraq yerləşdirib. Normal şəraitdə bu ölkələrdəki döyüş qüvvələri 1000-1 200 əsgərdən ibarətdir. Lakin son illərdə Ukrayna müharibəsi səbəbindən bu rəqəm xeyli artıb.
Almaniya hazırda Litvada 1 600 nəfərlik döyüş qüvvəsinə komandanlıq edir. Berlin keçən mart ayında Patriot hava hücumundan müdafiə sistemi ilə Slovakiyaya əsgər göndərib. NATO-nun şərq cinah ölkələrindən biri olan Bolqarıstanın ABŞ-dan 8 ədəd F-16 döyüş təyyarəsi alması prosesi də tamamlanmaq üzrədir.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi Bolqarıstana 1,67 milyard dollara səkkiz F-16-nın satışını təsdiqləyib. Pentaqonun təsdiqi ABŞ-ın NATO üzrə müttəfiqlərindən birinin Ukraynaya MiQ-29 qırıcıları, Vaşinqtonun isə bunun müqabilində bu ölkəyə Amerika təyyarələri verə biləcəyi ilə bağlı iddiaların olduğu bir vaxta təsadüf edib.
Qeyd edək ki, Bolqarıstan Ukrayna Hərbi Hava Qüvvələrində pilotlar tərəfindən idarə oluna bilən MiQ-29-dan istifadə edən üç NATO üzvündən biridir. Digər iki ölkə Polşa və Slovakiyadır. Bununla belə, Pentaqonun sözçüsü Con Kirbi F-16-ların satışı ilə bağlı suala cavabında bildirib ki, bu məsələnin Bolqarıstanın Ukraynaya MiQ-29-ları vermə ehtimalı ilə heç bir əlaqəsi yoxdur.
Günay Rəsulqızı
Sfera.az