“5-10 günlük ehtiyatları qalıb, Putin nə qədər tez qərar versə…” – Vahid Əhmədovla MÜSAHİBƏ
11:56 / 02.04.2022
4799
Sfera.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov Gundem.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Vahid müəllim, ötən gün Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan bölgəsi arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında İranla anlaşma memorandumu imzalandı. Bu anlaşmanın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu, çox önəmli sazişdir. Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın yaradılması çoxdandır, gündəmdə idi, müzakirə olunurdu. Zəngilanla Naxçıvanı birləşdirəcək bu yol Azərbaycan və İranın dövlət maraqlarına xidmət edir. Naxçıvanın, ümumiyyətlə Azərbaycan iqtisadiyyatının inkişafında yeni dəhlizin rolu böyük olacaq.
- Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Ermənistanla artıq 2 ilə yaxındır ki, müzakirələr gedir. Amma rəsmi İrəvan bu dəhlizin yaradılmasında maraqlı görünmür. Naxçıvana yeni quru yolun çəkilməsi Ermənistanın bölgədəki mövqeyinə necə təsir göstərəcək?
- Təəssüf ki, Ermənistan Zəngəzur dəhlizinin çəkilməsinə şərait yaratmadı. İrəvanda elə hesab edirlər ki, bölgədə Ermənistansız heç bir layihə gerçəkləşdirilə bilməz. Türkiyə və Azərbaycan bölgədə iqtisadi-siyasi düzəni tamamilə dəyişiblər. Ukraynadakı müharibə bitəndən sonra siyasi durum daha da dəyişəcək. Ermənistanın siyasəti ancaq özünə ziyan vurur. Yadınıza gəlirsə, cənab Prezident qeyd etdi ki, Ermənistan istəsə də, istəməsə də Naxçıvana avtomobil və dəmir yolları çəkiləcək. Qaz, elektrik xətləri çəkiləcək. İndi Ermənistan-Azərbaycan sərhədində sülhməramlıların yerləşdirilməsi məsələsi var. Cənab Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çox vacib müzakirələr apardı.
- Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Ermənistana 5 bəndlik təkliflər göndərib. Necə hesab edirsiniz, Ermənistan bu təklifləri qəbul edəcəkmi?
- Ermənistanın bununla bağlı hansı qərarlar qəbul edəcəyini söyləmək çətindir. Mən Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışlarına baxıram. Az qala Azərbaycana yalvarırlar ki, Ermənistanla əlaqələr qursun. Eyni zamanda da Qarabağda təxribatlar törədirlər. Mən sizə deyim ki, rus sülhmərmalılar Qarabağda çox qalmayacaq. Azərbyacan suverenliyini tam bərpa edəcək. Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da ölkəmizdən çıxıb getməli olacaqlar. Yaxın vaxtlarda bu baş verəcək. Dövlət başçısı İlham Əliyev bu barədə çıxış edib. Hər şey ermənilərin özlərini necə aparmasından asılıdır.
- Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı kampaniyasını davam etdirir. Bir neçə gün öncə Avropa Parlamenti Qarabağda guya erməni- xristian mədəni irsinin Azərbaycan tərəfindən məhv edildiyinə dair sənəd qəbul etdi. Bir tərəfdən sülhdən danışan Ermənistanın digər yandan xaricdə Azərbaycana qarşı düşmənçilik siyasətini yürütməsini necə qəbul etmək olar?
- Erməni lobbisi Ermənistanı uçuruma sürükləyir. Onlar bu iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlı deyillər. İndi ABŞ Qarabağda yaşayan ermənilərə 2 milyon dollar vəsait ayırıb. Xaricdəki diaspor təşkilatları, beynəlxalq qurumlar Ermənistanı, erməniləri ağ günə çıxara bilməyəcklər. Ermənistanın nicatı Türkiyə və Azərbaycanla əlaqələr qurmaq, düşmənçilik siyasətindən imtina etməkdir. Əks təqdirdə nəinki Qarabağdakı ermənilərin, hətta Ermənistan dövlətinin 5 ildən sonra mövcudluğu sual altındadır. İndi Rusiyanın da durumu çətinləşib. Daha Rusiya Ermənistanı ayaqda saxlaya bilməyəcək.
- Yeri gəlmişkən, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
- Rusiyaya qarşı sanksiyaların misli-bərabəri olmayıb. Nə İraqda, nə Əfqanıstanda, nə İranda nə də başqa bir ölkəyə qarşı bu qədər, bu ağırlığında sanksiya tətbiq edilməyib. Hətta Rusiyanın müttəfiqləri belə sanksiyalara qoşulmaq məcburiyyətində qalıb. Çin kimi dövlət Rusiyanın Ukraynaya hücumunu dəstəkləmir və Ukraynaya 5 milyon dollarlıq yardımlar edirlər. Bu sanksiyaları təsəvvür etmək qeyri-mümkündür. Mən uzun müddət, 15 ilə yaxın zavod direktoru işləmişəm. 4-5 min işçimiz vardı. Bir gün hesabdan pul köçürə bilməyəndə çox ciddi problemlər yaranırdı. Ya məhsul ala bilmirsən, ya əməkhaqqı ödəyə bilmirsən. İndi bu boyda Rusiyanın bütün ödəmə sistemini qapatdılar. Neft, qaz ixracına sanksiyalar qoydular. Hava məkanını bağladılar. Nə qədər şirkət bağlanıb. Hesablayıblar ki, Rusiyada 30-40 milyona yaxın iş yeri azalıb. Ola bilsin ki, 5-10 günlük ehtiyatları var. Amma belə davam etsə 1 aya çox ciddi problemlər yaranacaq. Tək Rusiya üçün deyil, Avropa, MDB ölkələri üçün problemlər yaranacaq. Azərbaycanın Rusiya ilə çox sıx iqtisadi əlaqələri var. 3,2 milyard dollara yaxın ümumi ticari dövriyyə mövcuddur. 3 milyard dollarlıq Rusiyadan mal alınıb, 1,2 milyard dollarlıq Rusiyaya mal satmışıq. Rusiyada bizim vətəndaşlar işləyirlər. Mənim aldığım məlumata görə, onlar ümumilikdə buradakı ailələrinə ayda 80-100 milyon dollar civarında pul göndərirlər. Oradan Azərbaycana köç ola bilər. Rusiyada iş olmayandan sonra vətəndaşlarımız orada nə edəcəklər. Köçüb gələcəklər Azərbaycana. Burada onları işlə təmin etmək lazımdır. Yəni problem çox ciddidir. Bunu Rusiya dövləti anlamalıdır. Rusiya süqut edir. Elə bir vəziyyət yaranar ki, Rusiyanın dirçəlməsi üzün müddət lazım olar. Biz onu istəmirik. Rusiya prezidenti nə qədər tez atəşkəslə, sülhlə bağlı qərar versə, o qədər yaxşı olar.
- Putin taxıl və digər məhsulların ixracına qadağa qoydu. Məlumadur ki, Azərbaycan taxıl və digər məhsulları Rusiyadan alırdı. Bu mənada Azərbaycanın alternativ bazarlara çıxış imkanları varmı?
- Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Taxılı təkcə Rusiya satmır axı. Mən bunu əvvəllər də qeyd etmişəm ki, Azərbaycan təkcə Rusiyadan taxıl almamalıdır. Azərbaycan Prezidenti hökuməti qarşısında ərzaq təhlükəsizliyinə dair tələb qoyub. Biz Ukrayna, Qazaxıstan, Özbəkistandan taxıl ala bilərik. Çin buğda, qarğıdalı ehtiyatlarına görə dünyanın ən qabaqcıl ölkəsidir. Mənim yadımdadır, 92-93-cü illərdə biz Latın Amerikası ölkələrindən taxıl alırdıq. Burada bir problem görmürəm. Pulun varsa, dünyanın hər yerindən taxıl ala bilərsən. Bütün bunları nəzərə alaraq ölkə prezidenti Dövlət Ehtiyatları Agentliyi yaradıb. Bu agentlik strateji məhsulları vaxtında almalıdır ki, sonra problemlər yaranmasın.