Xocalının Pirlər kəndində nə baş verir? - AÇIQLAMA

Xocalının Pirlər kəndində nə baş verir? - AÇIQLAMA
Ötən gün mediada Xocalı rayonunun Pirlər kəndində Rusiya sülhməramlılarının 200 metrliyində mülkü ermənilərə hərbi geyim və silah paylanması ilə bağlı görüntülər yayılıb.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamovun sözlərinə görə, təəssüf ki, sülhməramlılar özlərinə aid funksiyalarını həyata keçirmirlər və erməni təxribatçıların yenidən silahlanmasına şərait yaradırlar:

"Belə görüntülərə malik olmağımız sülhməramlıların və təmsil etdikləri ölkənin rəhbərliyinə öz narazılığımızı bildirməyimizi şərtləndirir. Ümumiyyətlə, sülhməramlıların məsuliyyət zonasında başqa silahlı olmamalıdır. Bu, ölkələrarası imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsinin tələbinin kəskin pozulması deməkdir. Halbuki, bu maddədə sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq erməni silahlıların ərazimizi  tərk etməsi tələb olunur. Bunun icra olunmaması sülhməramlılar və Ermənistan  tərəfindən üçtərəfli bəyanatın pozulması deməkdir”.

Millət vəkili qeyd edib ki, əgər üçtərəfli bəyanatın tələbləri ermənilər tərəfindən icra olunmursa və süllhməramlılar da bunu tələb etmirsə, digər maddələrin də pozulması gözləniləndir:

"Çünki, tələblər hər üç tərəf üçün eyni öhdəlik yaradır. Ona görə də Azərbaycanın tam hüququdur ki, öz suveren ərazisini terroristlərdən təmizləsin. Belə bir əməliyyat Fərrux kəndi ətrafında baş verdi. Düşünürəm ki, bundan sonra yenə də ölkə ərazimizin terroristlərdən təmizlənmə əməliyyatları mütəmadi davam etdiriləcək. Bu gün ermənilər Qarabağın balaca bir ərazisində məskunlaşıb qalıblar. Hətta özləri də Azərbaycan torpaqlarında ölkəmizin qanunlarına tabe olaraq yaşamaqlarından başqa  yollarının olmadığını yaxşı bilirlər.

Hesab edirəm ki, bu yaxınlarda Xankəndinin özündə Azərbaycana dəstək aksiyaları başlanacaq. Bu gün separatist mövqedə olan ermənilər üçün əsgərimizin kiçik bir fəaliyyəti kifayətdir ki, dərhal cəhənnəm olub getsinlər. Erməni separatçılar zor gücü ilə Azərbaycan torpaqlarında özlərinə mövqe qura bilməzlər və biz buna heç vaxt imkan vermərik”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR