“Taliban” yenə DİQQƏT MƏRKƏZİNDƏ: Təhlükə hələ sovuşmayıb

Media
14:14 / 31.03.2022
789
Çinin paytaxtı Pekində Əfqanıstana qonşu olan ölkələrin xarici işlər nazirlərinin başçılarının iki günlük konfransı öz işinə başlayıb. Toplantıya Çinlə yanaşı Rusiya, Pakistan, İran və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri qatılıblar.
Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki, "Taliban”ın maliyyəyə ehtiyacı var. Onun sözlərinə görə, Əfqanıstanda aclıq və səfalət hökm sürür:
"Ancaq böyük dövlətlər Əfqanıstana maliyyə ayırmağa həvəsli deyillər. Kremlin mövqeyi belədir ki, Əfqanıstanı dağıdan ABŞ bu dövlətin maliyyə məsələlərinin həllində önəmli rol oynamalıdır. ABŞ nəinki Əfqanıstana maliyyə yardımı ayırmır, ona aid olan bank hesablarını dondurub. Ümumdünya Bankı Əfqanıstandakı layihələrə 600 milyon dollar ayırmalı idi. Ancaq "Taliban”ın qızların təhsil almasıyla bağlı maneələrin tam aradan qaldırmamasına görə layihələrin maliyyələşdirməsini həyata keçirməyib. Çin Talibana maliyyə yardımı etməsə də, Əfqanıstandakı layihələrə maraq göstərir”.
Ekspert bildirib ki, Əfqanıstan yeraltı resurslara malikdir, amma bundan yararlana bilmir:
"Çin həmin resurslardan faydalanmaq istəyir. "Taliban”dan nümayəndə heyəti növbəti dəfə Pekində görüşlər həyata keçirib. "Taliban”ın Çinin dəstəyinə böyük ümidi var. Digər tərəfdən, Əfqanıstandakı mövcud durum ən çox Tacikistanı narahat edir. Çünki Əfqanıstan ərazisindən ən böyük təhlükə Tacikistanadır. Talibanın qonşu Tacikistana münasibəti sərtdir. "Taliban” rəhbərliyi hesab edir ki, ona qarşı olan silahlı qruplara əsas maliyyə və hərbi dəstək məhz Tacikistan ərazisindən çatdırılır. Həqiqətən tacik əsilli Əhməd Şah Məsudun oğlu Əhməd Məsud Talibana qarşı mübarizəsini davam etdirir. Özbək əsilli Rəşid Dustum rəhbərliyi altındakı silahlı qruplar da Talibana qarşı fəallıqlarını artırıblar. Bu səbəbdən "Taliban” qruplaşması Tacikistanı hədə siyasətinə üstünlük verir”
Günay Rəsulqızı
Sfera.az