Delyaqinin nüvə təhdidinə CAVAB: Azərbaycanın "qara siyahı"sına salınacaq?
Media
16:51 / 29.03.2022
1402
"Rusiya Dumasının üzvü Delyaqinin Azərbaycanı nüvə silahı ilə təhdid etməsi Kremlin Azərbaycan siyasətinin bariz nümunəsidir”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Moskva Qarabağda Azərbaycanın üstünlüklərini və regionda güclənən Türkiyənin mövqeyini qəbul etmir:
"Moskva Delyaqin kimiləri qabağa verib ölkəmizi təhdid edir. Jirinovski sağlam olsaydı, onun dili ilə təhdid edəcəkdi. Rusiya Ukraynanın çöllərində sözün həqiqi mənasında bataqlığa batıb. İsteriyadadı və planlaşdırdığı qələbəyə nail ola bilmir. Ukrayna ordusu, Rusiya ordusunun dizini yerə qoyub. Rusiyanın Ukraynada siyasi-hərbi məqsədlərinə çatmaması Bakı-Ankara tandemini daha da gücləndirilməsinə gətirib çıxaracaq. Türk birliyi güclənəcək”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə qeyd edib ki, rusiyalı deputatın sözügedən çıxışı təcavüzə və terrorçuluğa açıq çağırışdır:
"Bu, Rusiya Cinayət Məcəlləsinin 205.2 və 354-cü, Azərbaycan Cinayət Məcəlləsinin isə 101, 214-2 maddələri başda olmaqla cinayətlərin məcmusu üzrə cinayət məsuliyyəti yaradır. Hesab edirəm ki, bu adam ölkəmizdə "arzuolunmaz şəxs" elan olunaraq "qara siyahı"ya salınmalı, barəsində cinayət işi açılaraq "İnterpol" xətti ilə axtarışa verilməlidir. Bu cür təxribatlara şərait yaradan "Rossiya 1” telekanalın ölkəmizdə yayımı isə dayandırılmalıdır”.
Xatırladaq ki, M. Delyaqin öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirərək izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədiklərini soruşub. Cavablar arasında "Bəli, lazımdır” 28%, "Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil” 13%, "Xeyr, bu yolverilməzdir” isə 59% səs toplayıb.
Günay Rəsulqızı
Sfera.az