Rusiya “G20”dən çıxarılarsa, nəticələri necə olacaq? - "Növbədə BMT var..."

Media
12:39 / 25.03.2022
1356
ABŞ Rusiyanın Ukraynaya qarşı müdaxiləsinə cavab olaraq növbəti addımı atmağı planlaşdırır. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bununla əlaqədar bildirib ki, Vaşinqton müttəfiqləri ilə Rusiyanın "Böyük İyirmilik” (G20) kimi beynəlxalq təşkilat və birliklərdən çıxarılması məsələsini müzakirə etməyi nəzərdə tutub.
Rusiya "G20”dən çıxarılarsa, nəticələri necə olacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov xatırladıb ki, "G20”nin növbəti sammitinin bu ilin payızında İndoneziyanın Bali adasında keçirilməsi planlaşdırılır və sədrlik edən dövlət Rusiyanı zirvə görüşünə dəvət etməsə, avtomatik olaraq bu təşkilatdan çıxarılmış hesab olunacaq:
"Rusiyada isə deyəsən "G20”dən çıxarılmağa hazırlıq görülür. Həm hakimiyyət nümayəndələri, həm də hakimiyyətə yaxın siyasətçilər "Böyük İyirmilikdən” çıxarılmağı Rusiya üçün faciə hesab etmirlər. Onların fikrincə, bu təşkilat heç də ciddi qərarların qəbul edildiyi mərkəz funksiyasını həyata keçirmirdi. Buna görə Rusiya oradan çıxarılsa belə, heç nə itirmir. Düşünürəm ki, İndoneziya ABŞ və Rusiyanın çıxarılmasında maraqlı olan digər nüfuzlu dövlətlərin təzyiqi qarşısında davam gətirməyəcək. Amma Rusiyada da İndoneziyadan dəvət gözləmədən bu təşkilatda fəaliyyətlərini dondurmaq haqqında qərar qəbul oluna bilər”.
Müsahibimiz bildirib ki, Kremldə "G20”dən çıxarılmanı ciddi hadisə kimi qəbul etməsələr də, 2014-cü ildə Krımı işğal etdiyinə görə Rusiyanın "Böyük Yeddilikdən”, Ukraynaya müdaxiləsinin nəticəsi olaraq isə Avropa Şurasından uzaqlaşdırılması da nəzərə alınsa, proses addım-addım Rusiyanın BMT-dəki fəaliyyətinə doğru gedir:
"Sabah Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə əlaqədar məsələ ortaya çıxa bilər. Görəsən, Putin və onun ətrafı bunu proqnozlaşdırırmı? Belə olan halda, Rusiyada buna ciddi yanaşacaqlarmı?”
Xatırladaq ki, G20 təşkilatı 1990-cı illərin sonunda Asiyada iqtisadi böhrandan sonra "Böyük Yeddiliyin” qərarı ilə yaradılıb və ona Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliaya, Kanada, Çin, Böyük Britaniya, Meksika, Rusiya, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası,Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.
Günay Rəsulqızı
Sfera.az