Ailələrin adambaşına xərcləri 308 manatı ötüb – Bu məhsullara daha çox pul xərclənir

Ailələrin adambaşına xərcləri 308 manatı ötüb – Bu məhsullara daha çox pul xərclənir
Azərbaycanda ailələrin adambaşına düşən aylıq xərcləri 2021-ci ildə 3,6 faiz artaraq 308,6 manata çatıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə adambaşına xərclər 5,4 manat artıb. 

Ailələr ən çox pulu ərzaq məhsullarının alınmasına xərcləyib. Ərzağın alışı üçün ayrılan pulun məbləği 4,2 faiz artaraq 134,7 manat olub. Qida məhsullarına çəkilən xərc cəmi xərclərin 44,4 faizini təşkil edib. 

Şəhər yerlərində ərzaq üçün ayrılan pul kənd yerlərinə nisbətən 13,5 manat çoxdur. Şəhərdə adambaşına ərzaq xərci 142,1 manata çatıb.

Ərzaqdan sonra ən çox pul su, işıq, qaz və digər yanacaq növlərinin alınmasına sərf edilib. Bu istiqamətdə adambaşına düşən xərclər orta hesabla 25,7 manatdır.

Məlumata əsasən, son bir ildə ailələr bu xərcləri 1,1 faiz azaldıb. 

Ailələr adambaşına ayda ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 22,6 manat (6,3 faiz azalma), nəqliyyat xidmətlərinə 20,2 manat (1,6 faiz artım), paltar və ayaqqabıya 19,15 manat (4,5 faiz azalma), mehmanxana, kafe və restoran xidmətlərinə 19 manat (22,8 faiz artım), səhiyyə xidmətlərinə 16,7 manat (4,3 faiz artım), rabitə xidmətlərinə 10,3 manat (0,8 faiz atım), təhsilə 5,4 manat (4,1 faiz artım) xərcləyib. 

Siqaret və spirtli içkilərə ayrılan pul da ailələrin mühüm xərclərindən olub. Adambaşına siqaretə 4,8 manat (4,3 faiz artım), spirtli içkilərə isə 1,8 manat (4 faiz artım) pul xərclənib. Bu iki mal qrupu üzrə xərclər 6,4 faiz təşkil edib. 

Digər mal və xidmətlərə isə 14,8 manat pul ayrılıb. 

Vasif

OXŞAR XƏBƏRLƏR