Rusiya defolt olacaq? - 1917-ci ildən bəri ilk dəfə...

11:08 / 16.03.2022
785
"Bloomberg" agentliyi Rusiyanın bu gün defoltla (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi – red.) üzləşə biləcəyini proqnozlaşdırır.
Sfera.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov xatırladıb ki, Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulduğu üçün ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib. Onun sözlərinə görə, bundan baqşqa, "Qazprom”, "Lukoyl” kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb:
"Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir. Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər. Bu ölkədə defolt elan olunacağı halda, onun 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq. Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi.
Rusiya defolt olarsa, ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Ötən il 1.5 trilyon dollarlıq iqtisadiyyata malik olan Rusiya 117 milyon dollarlıq ödənişə görə defolt təhlükəsi ilə üzləşib. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.
İqtisadçı-deputat qeyd edib ki, ödənişlərlə bağlı digər vasitə - borcun rubl ilə qaytarması versiyası ola bilər:
"Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır. Bütün borcların rubl ilə qaytarılması real və inandırıcı görsənmir. Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yayınmağı bacarsa da, belə sanksiyalar davam edərsə, növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirir. Deməli, bu sadəcə başlanğıcdır”.
Günay Rəsulqızı
Sfera.az