Rusiya-Ukrayna müharibəsinin Azərbaycana DAHA BİR TƏSİRİ - Əhalinin bu gəlirləri azalacaq

Rusiyanın Ukrayna ilə müharibəyə başlaması Azərbaycanda ev təsərrüfatlarının gəlirlərinin azalması ilə nəticələnəcək. Buna səbəb Azərbaycanda əhalinin gəlirinin formalaşmasında xarici mənbələrdən alınan vəsaitlərin də önəmli paya sahib olmasıdır.
Son məlumatlara əsasən, ev təsərrüfatlarının gəlirlərində ölkə xaricindən alınan vəsaitlərin payı 7 faiz səvəyyəsindədir. Başqa sözlə, ailələrin hər ay əldə etdiyi 100 manat gəlirin təxminən 7 manatı xaricdən daxil olur.
Sfera.az bildirir ki, Azərbaycan əhalisinin xaricdən əldə etdiyi gəlirlərin daha çox hissəsi Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyənin payına düşür.
Rusiya-Ukrayna müharibəsinin uzanması bu ölkələrdən əldə edilən gəlirin azalmasına birbaşa təsir göstərəcək. Müharibə sadəcə bu iki ölkədə iqtisadiyyata mənfi təsir etmir. Rusiyada və Ukraynada iqtisadi vəziyyətin pisləşməsi onlarla sıx şəkildə bağlı olan Belarus, Orta Asiya respublikalarında, Türkiyədə də vəziyyəti ağırlaşdırır.
Bunun nəticəsində həmin ölkələrdən Azərbaycana göndərilən pulların məbləğində azalmanın olacağı dəqiqdir.
Göndərilən pulların məbləğinin azalmasına ilk növbədə adıçəkilən ölkələrdə milli valyutaların ucuzlaşması səbəb olur. Son bir ayda dollar Rusiyada 60 faizdən çox, Ukraynada 11 faiz, Qazaxıstanda 30 faizdən çox, Türkiyədə 8 faiz bahalaşıb.
Dolların bahalaşması həmin ölkələrin milli valyutalarında əldə edilən gəlirin manat ifadəsində eyni nisbətdə azalması deməkdir.
Rəsmi məlumatlara əsasən adıçəkilən 4 ölkədən hər ay orta hesabla 60 milyon dollar vəsait bank və poçt vasitələ göndərilib. Rəsmi göndərişlərlə bərabər müxtəlif şəxslər vasitəsilə də nağd formada böyük məbləğdə vəsait Azərbaycana çatdırılır. Ümumilikdə, hər ay 100 milyon dollar məbləğində vəsaitin göndərildiyini təxmin etmək olar.
Göndərilən vəsaitlər milli valyutaların ucuzlaşmasına görə 40-50 faiz azalacaq. Bu, ayda 40-50 milyon dollara, ildə 500-600 milyon dollara (850-1 milyard manat) bərabər vəsaitdir.
Müharibə Rusiyaya ağır sanksiyaların tətbiq edilməsinə səbəb olduğundan həmin ölkədə iş yerlərinin bağlanmasına, biznes fəaliyyətindən əldə olunan gəlirlərin azalmasına da gətirib çıxarır. Bu amillər də nəzərə alındığında ev təsərrüfatlarının aylıq gəlirlərində hissedilən azalma baş verə bilər.
Xarici mənbələrdən əldə edilən gəlirin azalması isə Azərbaycanda daha çox daşınmaz əmlak bazarına təsir edəcək. Daşınmaz əmlak bazarında formalaşan tələbin təxminən 15-20 faizi xarici mənbələrdən daxil olan vəsaitlərlə bağlı olur. Bu əlaqə səbəbindən növbəti aylarda daşınmaz əmlak bazarında qiymətlərin sabitləşməsi, daha sonra qiymətlərin aşağı düşməsi ehtimalı yaranacaq.
Rusiyada vəziyyətin ağırlaşması Azərbaycan əhalisinə psixoloji təsir imkanlarına da malikdir. Şimal qonşumuzda iqtisadi vəziyyət pisləşəndə Azərbaycanda əhalinin önəmli hissəsi gündəlik olmayan xərclərini məhdudlaşdırır və ya həmin xərcləri təxirə salır. Psixoloji təsir səbəbindən daşınmaz əmlak və avtomobil bazarında tələbin zəifləməsini gözləmək olar.
Vasif