Qorbaçovun istəyinə limonadla “cavab” verən Ukraynanın birinci katibi: Təyyarəsini niyə ləngitmişdilər? - FOTO
Media
16:13 / 11.03.2022
2725
Bu gün səmasında qırıcılar, torpağında tanklar meydan sulayan Ukraynanın hər bölgəsində onun izi var. Sovet dövründə 10 il Ukraynanın Nazirlər Sovetinin sədri, 17 il birinci katibi olan Vladimir Şerbitskinin ölkəsi üçün etdiklərini saymaqla bitməz.
Kremlə heç vaxt baş əyməyən, sovet rejimində vəzifə ranqına görə özündən üstün olanlara belə məqamında cavab verməyi bacaran Şerbitski istər siyasi fəaliyyətində, istərsə də şəxsi həyatında fərqli bir şəxsiyyət kimi yadda qalıb...
Sfera.az Vladimir Şerbitski haqqında yazını təqdim edir:
Şerbitskinin dəfələrlə Kremldə ən yüksək vəzifələri tutmaq şansı yaransa da, o, bu şanslardan heç vaxt istifadə etməyib. 1970-ci illərin sonlarında SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıginin səhhətində problemlər yarananda Leonid Brejnev Şerbitskini Moskvaya dəvət edərək ona Nazirlər Sovetinin sədri vəzifəsini təklif edib. Şerbitski baş katibin təklifi ilə razılaşmayıb. Növbəti dəfə o, 1982-ci ilin yanvar ayında, Suslovun vəfatından sonra Moskvaya çağırılıb. Bu dəfə Brejnev ona Mərkəzi Komitənin katibi vəzifəsini təklif edib. Şerbitski vəzifə təkliflərinə görə dostluq münasibətində olduğu Brejnevə təşəkkürünü bildirib və Moskvaya gəlmək istəməmə səbəbini belə açıqlayıb:
"Mən Kreml oyunlarına qatılmayacağam və Ukraynanı heç vaxt tərk etməyəcəyəm”.
Vladimir Şerbitski SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən biri sayılıb. Sözçülükdən, kağız üzərində şişirdilmiş rəqəmlərdən, uzun-uzadı çıxışlardan uzaq olan birinci katib respublikaya rəhbərlik etdiyi dövrdə Ukrayna iqtisadiyyatında 4 dəfə artım olub, respublikanın bütün bölgələrində mənzil-məişət şəraiti yaxşılaşıb və əhalinin sayı 9 milyon artıb. Ukraynada bir çox sənaye və kənd təsərrüfatı obyektlərinin tikintisi də məhz onun adı ilə bağlıdır.
Brejnevlə yaxın münasibətdə olsa da, Şerbitski bu dostluqdan heç vaxt sui-istifadə etməyib. Öz bacarığı, iş məhsuldarlığı ilə Ukraynanın sosial-iqtisadi və digər sahələrində əldə etdiyi göstəricilər SSRİ-nin digər müttəfiq respublikalarından üstün olub.
Son dərəcə prinsipal, tələbkar, ciddi olan Şerbitski eyni zamanda olduqca sadə, mehriban, həmişə xalqının arasında olan bir siyasətçi kimi tanınıb. Bəzən yaşadığı evdən iş yerinə piyada gedən birinci katib yolda sıravi vətəndaşlarla söhbət etmək, onların problemlərini dinləmək üçün də vaxt ayırıb.
Moskva səfərlərinə heç vaxt həvəs göstərməyən Şerbitski Kreml məmurlarının həddən ziyadə özlərinə güvənli olmasını həzm edə bilməyib.
Elə 1963-cü ildə də, Ukrayna Nazirlər Sovetinin sədri vəzifəsində işləyəndə, Kremldə olarkən Şerbitski öz dilinin bəlasına düşüb. Belə ki, Mərkəzi Komitədə olarkən o, dəhlizdə təsadüfən Suslovla rastlaşıb. Suslov əlindəki qovluğu ona uzadıb:
- "Cavan oğlan, bu qovluğu mənim qəbul otağıma verin”.
Şerbitski SSRİ-də partiya xətti ilə ikinci şəxs sayılan, Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslovun əlini havada qoyub:
- "Mən cavan oğlan deyiləm, Ukrayna Nazirlər Sovetinin sədriyəm”.
Bu hərəkət Şerbitskiyə baha başa gəlib. Həmin gün Nikita Xruşov onu vəzifədən uzaqlaşdırıb. Brejnev hakimiyyətə gəldikdən sonra Şerbitskini yenidən əvvəlki vəzifəsinə qaytarıb.
1972-ci ildən 1989-cu ilə qədər Ukraynanın birinci katibi olan Şerbitski bir neçə dəfə baş katib kürsüsünə real namizəd sayılıb. Elə Brejnev də dəfələrlə varis məsələsində Şerbitskinin adını hallandırıb. Yəqin bu səbəbdən də Kreml məmurlarının Şerbitskiyə qarşı siyasi qısqanclığı 1980-ci illərdə özünü daha qabarıq biruzə verib.
Hələ Brejnevin sağlığında birinci kürsüyə göz dikən DTK şefi Yuri Andropovun Şerbitski ilə münasibətləri son dərəcə soyuq olub. Bunun bir səbəbi də o olub ki, Şerbitski SSRİ DTK-nın Ukraynanın daxili işlərinə müdaxiləsinə heç vaxt imkan verməyib. Araşdırmaçıların qənaətinə görə, Andropov hakimiyyətdə çox qalsaydı, Şerbitskini siyasi səhnədən tam uzaqlaşdıracaqdı.
Andropovdan sonrakı növbəti baş katib Konstantin Çernenkonun 13 aylıq hakimiyyəti dövründə də Şerbitskinin baş katib olması real sayılıb. Çernenkonun xəstəliyi, ölkəni xəstəxana palatalarından idarə etməsi yaxın zamanlarda hakimiyyət dəyişikliyindən xəbər verib. Bu dəfə isə Şerbitskini Mixail Qorbaçov təcrid etməyə nail olub. Belə ki, Çernenkonun vəfatı gün ərzində gizlədilib və həmin gün Şerbitski ABŞ-a ezam edilib. Baş katibliyə digər real namizədlərdən biri Qriqori Romanov isə həmin ərəfədə Kaunasda ezamiyyətdə olub. Bu iki nəfərin baş katib seçkiləri ilə bağlı keçirilən plenumda iştirak etməməsi Qorbaçovun hakimiyyətə gəlməsinə imkan yaradıb. Əslində, Şerbitski plenumda iştirak etmək üçün Amerika səfərini yarımçıq qoyub. Amma qeyri-müəyyən səbəblərdən onun uçacağı təyyarə Amerikada 12 saat ləngiyib. Bəzi versiyalara görə bu ləngiməni Qorbaçovun tapşırığı ilə DTK sədri Viktor Çebrikov təşkil edib.
Sonrakı açıqlamalarında Şerbitski bildirib ki, təyyarənin geçikməsi səbəbindən plenuma çata bilmədiyinə görə telefon vasitəsi ilə Qorbaçovun lehinə səs verib. Onu da qeyd edib ki, bu səsvermə ilə o, həyatında ən böyük yanlışlığa yol verib. Şerbitski Qorbaçovu olduqca təhlükəli bir şəxs adlandırıb.
Qorbaçov hakimiyyətə gəldikdən sonra Ukraynaya ilk səfərində Şerbitski ilə anlaşa bilməyib. Bir sıra məsələlərin müzakirəsində onların arasında ciddi fikir ayrılığı yaranıb. Baş katibin şərəfinə verilən ziyafətdə isə Şerbitski daha sərt mövqe sərgiləyib. Süfrə arxasına keçdikdən sonra Qorbaçov masaya nəzər salıb, süfrədə alkoqollu içkilərin olmadığını görərək üzünü Şerbitskiyə tutub:
- "Bəs "tünd” içkilər yoxdur?"
Şerbitski çox uca səslə Qorbaçovun sualına cavab verib:
- "Xeyr, Mixail Sergeyeviç, qanun hamı üçün qanundur. Biz sizə yalnız limonad və meyvə şirələri təklif edə bilərik".
Xatırladaq ki, həmin ərəfədə ölkədə Qorbaçovun antialkoqol kampaniyası tətbiq edilib.
Beləliklə, Şerbitski Qorbaçov üçün arzuolunmaz şəxsə çevrilib. O, 1989-cu Ukraynaya növbəti səfəri zamanı Şerbitskiyə fikrini açıq bildirib: "Artıq sizin getmək vaxtınızdır...”.
Maraqlı həmsöhbət, qayğıkeş ailə başçısı, xeyirxah və mehriban insan olan Şerbitski heç vaxt özünü sıravilərdən fərqləndirməyib. Birinci katib digər partiya rəhbərləri kimi zəngin iqamətgahlara, bağ evlərinə, gecədən səhərə kimi davam edən məclislərə meyl göstərməyib. Şerbitskinin iki şakəri olub, futbol və göyərçin. Televizorda futbola baxanda heç həyat yoldaşı da ona yaxınlaşmağa cürət etməyib, yalnız hər 10-15 dəqiqədən bir onun külqabını boşaldıb.
Şerbitski yaşadığı bina evinin həyətində kiçik bir göyərçin daxması qurub. Göyərçinlərə isə qonşusu Nikita Sergeyeviç (Xruşovun da ad və atasının adı belə olub) qulluq göstərib. Birinci katib qonşusunun göyərçinlərə qayğısından həmişə razı qalıb və onu zarafatla belə qiymətləndirib:
Nikita Sergeyeviç, sənin xidmətlərin o biri Nikita Sergeyeviçdən (Xruşovu nəzərdə tutub) daha çoxdur.
Vladimir Şerbitski 1990-cı ildə vəfat edib. Dəfn mərasimində havaya yüzlərlə göyərçin buraxılıb...
İlham Cəmiloğlu
Sfera.az