ABŞ-nin hesabatı buğdanı ucuzlaşdırır – Qiymətlər nə qədər enəcək?

ABŞ-nin hesabatı buğdanı ucuzlaşdırır – Qiymətlər nə qədər enəcək?
Uzun müddətdir dəyəri yüksələn buğdanın qiyməti son iki gündə enişə keçib. Bu ucuzlaşmaya ABŞ Kənd Təsərrüfatı Nazirliyinin dünyada ehtiyatlar və istehsalla bağlı hesabatı səbəb olub. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, hesabatda 2022-ci ildə dünyada istehsal və ixrac rəqəmlərinin artacağı proqnozlaşdırılır. Hesabatda qeyd edilir ki, dünyada buğda ehtiyatları artır və əsas istehsalçılardan olan Avstraliyada yüksək istehsal nəticələri əldə edilib. ABŞ bildirir ki, Avstraliyada istehsalın artması Ukraynadakı müharibənin neqativ təsirlərini aradan qaldıra biləcək. 

Kənd Təsərrüfatı Nazirliyi proqnozlaşdırır ki, dünyada 2021-2022-ci il mövsümündə ehtiyatların miqdarı 278,2 milyon tondan 281,5 milyon tona yüksələcək. 

ABŞ hökumətinin sözügedən hesabatının açıqlanmasından sonra Çikaqo birjasında buğdanın qiyməti 15 faiz düşüb. İki gün əvvəl bir tonunun qiyməti 500 dollara çatan buğda hazırda 415 dollara satılır. 

Hesabatın açıqlanması buğdanı xeyli ucuzlaşdırsa da, Qaradəniz regionunda olan problemlər səbəbindən qiymətlərin davamlı düşməsi ehtimalı azdır. Çünki Ukrayna istehsal etdiyi buğdanın çox hissəsini, Rusiya isə az hissəsini Qara dənizdə yerləşən limanlar vasitəsilə satır. 

Bundan başqa, Rusiyanın Ukrayna torpaqlarının işğalını davam etdirməsinin yaz və yay mövsümündə buğda biçimini çətinləşdirəcəyi gözlənilir. Buna görə də ixrac ediləcək buğdanın miqdarı xeyli azalacaq. 

Bu vəziyyəti ABŞ Kənd Təsərrüfatı Nazirliyi də hesabatında qeyd edib. Nazirlik bildirib ki, Ukraynanın buğda ixracı 20 milyon tondan 4 milyon tona, Rusiyanın ixracı isə 32 milyon tondan 3 milyon tona qədər geriləyəcək. Ümumilikdə iki ölkənin ixrac rəqəmlərinin 45 milyon ton azalacağı proqnozlaşdırılır. 

Bu ehtimal daxilində dünyada buğda qiymətlərinin davamlı düşəcəyini proqnozlaşdırmaq çox çətindir. Əksinə, mövcud vəziyyət düzəlməsə, qarşıdakı aylarda qiymətlərin daha da artması imkanları var. 

Vasif

OXŞAR XƏBƏRLƏR