ABŞ Reyqan dövrünə qayıdır – Rusiya SSRİ-nin aqibətini yaşaya bilər

ABŞ Reyqan dövrünə qayıdır – Rusiya SSRİ-nin aqibətini yaşaya bilər
Son 100 ildə Qərb dövlətləri başda ABŞ olmaqla müxtəlif səbəblərdən Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Qəbul edilən sanksiyaların əsas məqsədi iqtisadi çətinliklər yaratmaqla Rusiyanı Qərbin tələblərinə uyğunlaşmağa, yeni şərtlərlə barışmağa məcbur etmək olub. Bu məqsədə uyğun olaraq sanksiyalar ağırlıq dərəcəsinə görə fərqlənib, Rusiya bunların əksəriyyətinə tab gətirsə də, bəziləri qarşısında aciz qalıb.  

Sfera.az xatırladır ki, son sanksiyalar nəzərə alınmasa Rusiyaya qarşı Qərbin tətbiq etdiyi ən ağır məhdudiyyətlər ABŞ-nin 40-cı prezidenti olmuş Ronald Reyqanın hakimiyyət dövrünə, yəni 1981-1989-cu illərə təsadüf edir. 

Reyqan administrasiyasına qədər ABŞ-də belə bir fikir hakim kəsilmişdi ki, Rusiyanın aqressivliyinin qarşısını almaq üçün onunla müharibə etmək, ağır sanksiyalar tətbiq etmək əvəzinə, kiçik sanksiyalarla kifayətlənib davamlı danışıqlar, müzakirələr aparmaq lazımdır. Əvvəlki administrasiyalar bu yolla Rusiyanın aqressivliyinin azalacağını düşünürdülər. 

Lakin 1979-cu ilə Əfqanıstana hərbi müdaxilədən sonra hakimiyyətə gələn Reyqan tam yeni bir profil ortaya qoydu. O, Rusiyaya güzəşt edilməsinə qarşı çıxaraq daha ağır və sərt tədbirlərin görülməsini tələb etdi. Bunun nəticəsində sanksiyalar xeyli ağırlaşdırıldı, Rusiya ilə iqtisadi əlaqələr minimuma endirildi. 

Reyqan dönəmində sanksiyalar 2 formada idi. 

Birinci tədbir SSRİ-nin əsas gəlir mənbəyi olan neft və qazın qiymətinin aşağı salınması formasında oldu. 1981-ci ildə "Brent” markalı neftin qiyməti 37-38 dollara qədər yüksəlmişdi. Dolların həmin dövrdəki alıcılıq qabiliyyəti ilə hesablandığında neftin qiyməti 100 dollar səviyyəsində idi və bu qiymətlə SSRİ neft və qazdan böyük pullar qazanırdı. 

Reyqanın cəhdləri nəticəsində Yaxın Şərq ölkələri ilə əldə edilən razılaşma sayəsində neft qiymətləri 1982-ci ildən enişə keçdi. Artıq 1985-ci ildə "Brent” neftinin qiyməti 14-15 dollar idi və SSRİ-dən neft idxalı xeyli azaldılmışdı. 

SSRİ-yə qarşı ikinici qrup sanksiyalar ticarətin məhdudlaşdırılması,  iqtisadi, idman, sosial sahələrdə əməkdaşlığın zəiflədilməsi şəklində idi. 

Hər iki qrup sanksiyalar SSRİ ilə Qərbin qarşıdurmasında yeni mərhələ idi. 
 
İlk ağır tədbir SSRİ-yə qarşı "taxıl embarqosu” oldu. Düzdür, ABŞ  "taxıl embarqosu”nun səmərəsini görməyincə onu bir müddətdən sonra dayandırdı. 

Əvəzində isə başqa ağır sanksiyalar oldu. Polşada fövqəladə vəziyyətin tətbiqini əsas gətirən ABŞ SSRİ-yə növbəti iqtisadi zərbəni vurdu. 

İlk paketi prezident Reyqan 29 dekabr 1981-ci ildə elan etdi. Bu paketin əsas qərarı ABŞ şirkətləri tərəfindən SSRİ-yə elektron və neft-qaz avadanlıqlarının tədarükünə qadağa qoyulması idi. Bu qərarla Urenqoy - Pomary - Ujqorod ixrac qaz kəmərinin tikintisi xeyli yubadıldı. Həmçinin sanksiyaların təzyiqi altında layihə kiçildi, planlaşdırılmış iki qaz kəməri əvəzinə yalnız bir kəmər çəkildi.

1982-ci ilin iyununda ABŞ hakimiyyəti embarqonu sərtləşdirərək, təkcə Amerika firmalarının məhsullarına deyil, həm də onların xaricdəki filiallarının və xarici şirkətlərin ABŞ lisenziyaları ilə istehsal etdiyi avadanlıqlara qoyulan qadağanı genişləndirdi.

Daha sonra, ABŞ SSRİ-nin hava yolları şirkəti olan "Aeroflot”a uçuş qadağaları tətbiq etdi. Sovet vətəndaşları 1981-ci ildən 1986-cı ilə qədər ABŞ şəhərlərinə uça bilmədi, eyni zamanda sovetin mülki təyyarələri də ABŞ səmasından keçə bilmədi. 

Reyqanın hakimiyyəti dövründə SSRİ-nin qərb dövlətlərindən və onun müttəfiqlərindən mal və texnologiyaların tədarükünə nəzarət edən Çoxtərəfli İxrac Nəzarətləri üzrə Koordinasiya Komitəsinin (COCOM) işi gücləndirildi. COCOM SSRİ ilə ticarəti bir qədər də məhdudlaşdırdı, mal dövriyyəsinə nəzarəti artırdı. 

Tətbiq edilən sanksiyalar və Əfqanıstanda aparılan müharibə 1986-cı ildə SSRİ-də ağır iqtisadi böhran yaratdı. Böhrandan çıxmaq üçün müxtəlif cəhdlər edilsə də səmərəli nəticə əldə edilmədi və rus siyasi elitası Rusiyanı xilas etmək üçün 1991-ci ildə SSRİ-ni dağıtmağa məcbur oldular. SSRİ-nin dağılmasına baxmayaraq həm Rusiya, həm də digər müttəfiq respublikalar iqtisadi böhrandan 1995-1996-cı illərdə çıxa bildilər. 
 
Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya ətrafında yenidən oxşar vəziyyət yaranıb. 

Bu dəfə müharibənin Əfqanıstanla müqayisədə daha tez başa çatması ehtimalı var. Lakin sanksiyaların miqyası və ağırlıq dərəcəsi elədir ki, Rusiya iqtisadiyyatının dərin böhrandan qaçması mümkün görünmür.

Bu vəziyyətdə Rusiyanın iki seçimi var: Ya Rusiya qonşu dövlətlərə təzqiyin dayandırılması, ordusunun geri çəkilməsinə dair Qərbin tələbini qəbul edəcək, iqtisadiyyat deqradasiyadan xilas olacaq, ya da heç bir şərti qəbul etməyərək uzunmüddət müqavimət göstərməklə iqtisadiyyatın sarsılması ilə barışacaq.
 
İkinci variantda Rusiyanın SSRİ-nin aqibətini yaşaması da mümkündür. 





OXŞAR XƏBƏRLƏR