NATO Ukrayna hava məkanını bağlayır? - Qərb-Rusiya müharibəsinin bir addımlığında...

NATO Ukrayna hava məkanını bağlayır?  - Qərb-Rusiya müharibəsinin bir addımlığında...
Ukrayna hökuməti NATO-dan ölkənin uçuşa qapalı zona elan edilməsini istəyib. Bu çağırışa Ukrayna vətəndaşları da qoşulub və sosial şəbəkələrdə insanlar tərəfindən çoxsaylı müraciətlər yayımlanıb.
 
Bəs, uçuşa qapalı zona nə deməkdir və onun tətbiqi NATO ilə Rusiyanı qarşı-qarşıya gətirə bilərmi?

Sfera.az bildirir ki, uçuşa qapalı zona müəyyən ərazidə xüsusi, əsasən də hərbi təyinatlı aviasiya vasitələrinin (döyüş təyarələri, pilotsuz uçuş aparatları) uçuşunun qadağan edilməsi anlamını verir. Bu cür qadağaların tətbiq edilməsində məqsəd ərazini hava hücumundan qorumaq, ərazidə yaşayan insanların təhlükəsizliyini təmin etməkdir.

Hava məkanının bağlanmasından mülki və hərbi məqsədlərlə tətbiq olunur.

Mülki məqsədlərlə qadağalar İngiltərə kral sarayının, kütləvi idman yarışları keçirilən ərazilərin qorunması üçün tez-tez istifadə edilir.

Hərbi məqsədlə hava məkanının bağlanması isə adətən müharibələr zamanı hava hücumunun və ya havadan kəşfiyyat məlumatlarının toplanmasının qarşısını almaq məqsədilə elan edilir.

Hər iki məqsədlə uçuşa qapalı zona elan edilən zaman əraziyə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi vacibdir. Çünki uçuşa qapalı zona elan etməklə iş bitmir, bu qadağanın həyata keçirilməsi üçün hava məkanının qorunması da zəruridir.

Buna görə də Ukrayna hava məkanının bağlanması dolayısı ilə NATO qüvvələri ilə Rusiya təyyarələrinin qarşı-qarşıya qalması deməkdir. Başqa sözlə, Ukraynada uçuşa qapalı zona elan edilərsə, faktiki olaraq NATO ilə Rusiya müharibəyə başlamış olacaq. Bu səbəbdən NATO-nun Ukrayna hökumətinin və əhalisinin çağırışlarına müsbət cavab verəcəyi inandırıcı deyil.

Xatırladaq ki, indiyə qədər hərbi məqsədlə 3 ölkədə hava məkanı bağlanıb.

Birinci belə qərar İraqda elan edilib. İraqda şiə əhalisinin və kürdlərin qorunması üçün ABŞ, İngiltərə və Fransa iki uçuşa qapalı zonanı elan ediblər.
İkinci qərar Bosniya və Hersoqovina üçün qəbul olunub. Burada Serbiya ordusunun müsəlman əhalisina qarşı etnik təmizləmə siyasətini dayandırmaq üçün hava məkanı bağlanıb.

Son belə qərar isə Liviya üçün qəbul edilib.  NATO Bosniya və Liviyada hava məkanını qoruyub.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR