Rusiya-Ukrayna müharibəsinin GİZLİ DETALLARI: Putin əslində buna görə hücum edibmiş..
Media
11:47 / 05.03.2022
6255
"Çox güman ki, Ukrayna-Rusiya müharibəsinin əsas səbəbi Rusiya hakimiyyətinin daxilində gedən pərdəarxası mübarizənin öz kulminasiya nöqtəsinə çatması idi - bu da müharibə ərəfəsində özünü göstərməyə başladı”.
Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O qeyd edib ki, artıq 3-cü onillikdir davam edən Putin hakimiyyətinin ən güclü və ən təsirli rəqibləri onun elə öz daxilindədir:
"Məsələn, "Ümumrusiya Zabitlər Məclisinin" (ÜZM) müharibə ərəfəsində yaydığı müraciət birmənalı olaraq siyasixarakterli aksiya idi və Rusiya hakim zümrəsindəki hərbi qanadın hakimiyyət uğrunda açıq mübarizəyə başlamasının anonsu kimi qəbul olundu. Həmin müraciət təkcə hakimiyyətə deyil, həm də Rusiya xalqına ünvanlanmışdı və müraciətdə Putinin istefasına açıq çağırış vardı. Beləliklə, həmin müraciət uzun müddət gedən daxili mübarizənin açıq müstəviyə keçməsinin və kritik nöqtəyə çatmasının təzahürü idi. Amma məsələ bununla da bitmir. Müharibə ərəfəsində Putinin törədiləcək hərbi cinayətin məsuliyyətini bölüşmək üçün topladığı Təhlükəsizlik Şurasında (TŞ) başqa incə məqamlar da üzə çıxdı. Həmin iclasda çıxışı zamanı TŞ sədri Nikolay Patruşev Putinə faktiki açıq şəkildə bildirdi ki, o, yəni Putin, mənasız və avantüris planlara əl atmaqdansa ABŞ ilə danışmalıdır. Bu, başqa sözlə o anlama gəlirdi ki, danışa bilmirsənsə, çəkil kənara bunu biz edək”.
Politoloq daha sonra fikirlərinə bu cür davam edib:
"Rusiya hakimiyyət iyerarxiyasında açar fiqurlardan olan Patruşevə açıq etiraz edə bilməyən və yalnız onu kinayəli baxışlarla süzən Putin qəzəbini onun (Patruşevin) mövqeyini dəstəkləyən digər komanda üzvünün - Sergey Narışkinin üzərinə yönəltdi. Xatırladım ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru olan Narışkin həmin iclasda Patruşevlə eyni mövqedən çıxış edirdi və hətta onun təklifini açıq dəstəklədi də. Bu isə Putin üçün daxili siyasi böhranın ikinci və daha ciddi əlaməti idi. Çünki artıq söhbət hələ Stalin dönəmindən Kremlə qarşı "gizli" opponent mövqe sərgiləyən hərbi qanaddan deyil, Putinin öz komandasından gedirdi. Bu isə birləşdirici amil kimi müharibənin qaçılmaz olduğunu bir qədər də aktuallaşdırırdı”.
Ə.Oruclunun sözlərinə görə, müharibə üçün Ukraynanı və onun daxili hərbi-siyasi durumunu əsas gətirmək kifayət etmirdi:
"Xarici düşməni bir qədər də böyütmək lazım idi. Məsələn, ABŞ, NATO və ya bütövlükdə Qərb. Məhz ona görə də son aylar Putin təbliğatı Ukraynanın NATO-ya üzvlük məsələsini xüsusilə qabardırdı. Əslində ABŞ-a və NATO-ya da Rusiya təcavüzü faktoru lazım idi, çünki bu, ən azı Avroatlantik düşərgədəki fikir ayrılıqlarını aradan qaldırmaq və Rusiya təhlükəsindən istifadə edərək öz sıralarını möhkəmləndirmək üçün unikal imkan idi. Putin bu imkanı bəlkə də istəmədən və ya elə başqa çıxış yolu olmadığından yaratdı. Amma Moskvada müharibə planına imza atanda bir variantı ya hesablaya bilməmişdilər, ya da bu haqda ümumiyyətlə düşünməyə vaxt, ehtiyac, imkan olmamışdı. Məğlubiyyət variantı - istənilən müharibəni başlayanda mütləq nəzərə alınmalı və hesablanmalı nəticələrdən biridir”.
Günay Rəsulqızı
Sfera.az