Çavuşoğlunun Bakı səfərinin əsas məqsədi nədir? - PƏRDƏARXASI DETALLAR
Media
10:43 / 05.03.2022
931
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir. Bu gün o, həmkarı Ceyhun Bayramovla görüşəcək.
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, nazirlərin fikir mübadiləsi aparacağı mövzulardan biri Ermənistanla diplomatik münasibətlərin bərpası olacaq:
"Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə yaxın vaxtlarda sülh sazişinin imzalanacağı barədə bəyanat vermişdi. Görünür, proses sürətlə davam edir. Ola bilsin, Bayramovla Çavuşoğlu sülh sazişinin şərtləri barədə danışsınlar. Eyni zamanda Rusiya ilə Ukrayna arasında davam edən müharibə də gündəmdə olacaq. Görüşdən sonra keçiriləcək mətbuat konfransında hər iki diplomatın Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və həm Moskvanın, həm də Kiyevin gərginliyi azaltması istiqamətində açıqlamalar verəcəyi gözlənilir. Nazirlər məsələnin diplomatik yolla həllində maraqlı olacaqlarını dilə gətirəcəklər”.
Müsahibimiz bildirib ki, ancaq nazirlərin görüşünün "pərdəarxasında" daha dərin müzakirələr ola bilər:
"Məsələ ondan ibarətdir ki, hərbi əməliyyatlar və müharibənin nəticəsi Cənubi Qafqaza birbaşa təsir edəcək. Odur ki, Bakı və Ankara bu durumdan istifadə etməyə çalışacaq. Bu, xüsusilə regionla bağlı məqamlarda özünü göstərə bilər. Bayramov və Çavuşoğlu hər iki ehtimalı - Rusiyanın qalib gəlməsini və uduzmasını nəzərə alacaq, buna adekvat atılacaq addımlar barədə müzakirə aparacaqlar. Görüşdən sonra hər iki diplomatın rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı istisna deyil. Hətta, görüşün nəticəsindən asılı olaraq liderlər səviyyəsində də təmaslar ola bilər”.
Günay Rəsulqızı
Sfera.az