Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nəhayət imzalana bilər - Paşinyan prosesi niyə tezləşdirmək istəyir?
11:51 / 03.03.2022
2276
"Paşinyanın açıqlamaları Putinin təhdidi ilə əlaqədardır".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və Azərbaycanla sülh sazişinin imzalanacağı ilə bağlı çıxışını şərh edən politoloq Natiq Miri Sfera.az-a açıqlamasında deyib.
Politoloq Paşinyanın açıqlamalarının Putinin təhdidi ilə əlaqədar olduğunu bildirib.
Ekspert Rusiya Prezidentinin ikitərəfli münasibətlərin normallaşmasında qətiyyətli mövqedə olduğunu qeyd edib:
"Nikol Paşinyan zaman-zaman sülh müqaviləsinin imzalanması yönündə maraqlı olduğunu bəyan edib. O, bununla prosesdə sülhdən yana dövlət kimi çıxış etdiyini nümayiş etdirməyə çalışır. Bundan əlavə, belə bir açıqlamanın verilməsinə Ukrayna-Rusiya müharibəsinin də çox böyük təsiri var. Çünki Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı sənəd imzalandıqda, Putin Paşinyanla da danışdı və üçtərəfli bəyannamənin icrası məsələsi müzakirə olundu. Son telefon danışığı əvvəlkilərdən daha fərqli və sərt idi. Bu fonda düşünürəm ki, Putin Paşinyana da bu məsələdə nə qədər ciddi olduğunu ifadə etməyə çalışdı. Putin Ukraynaya qarşı müharibədən zəif şəkildə çıxarsa, bu, Ermənistanın mövqelərini Azərbaycan qarşısında zəiflədəcək. Çünki regionda Ermənistanı Rusiyadan başqa dəstəkləyən güc yoxdur. Rusiya müharibədən qalib çıxarsa, bu, yenə də Paşinyana sərf etmir və məcbur qalacaq ki, Azərbaycanın şərtlərini yerinə yetirsin”.
Ekspert Rusiyaya sanksiyaların tətbiq edilməsinin sülh müqaviləsini tezləşdirəcəyini deyib:
"Nikol Paşinyanın başqa yolu yoxdur. Kommunikasiya xətlərinin açılması, Qarabağdakı erməni birləşmələrinin çıxarılması ilə sonda sülh müqaviləsinin imzalanmasının zamanı gəlib çatıb. Paşinyan da bunu görür və belə açıqlamalar verir. Rusiya tətbiq olunan sanksiyalar fonunda yeni kommunikasiya sistemlərinə ehtiyac duyur. Bu baxımdan sülh müqaviləsinin imzalanması tezləşəcək”.
Əzizə Zeynal