Rusiyanın Ukraynaya vurduğu ziyan - Qərb təzminatı belə alacaq
"Rusiyanın Avropa banklarındakı hesablarına blok qoyulub. Bu 600 milyard dollara yaxın bir məbləğdir. Rəsmi Moskva Ukraynaya müharibə təzminatı verməkdən imtina etsə, Avropa bankları da blokladığı Rusiyaya məxsus pulları Ukraynaya təzminat kimi verə bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevdeyib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya müharibə elan edərək faktiki olaraq beynəlxalq hüququn normalarını kobud şəkildə pozdu:
"Müharibə bu gün də davam edir və hər gün Rusiyanın Ukraynaya vurduğu ziyan artır. Qərbin sanksiyaları fonunda onsuz da pis vəziyyətdə olan Rusiya iqtisadiyyatı daha da ağır vəziyyətə düşsə də reallıq ondan ibarətdir ki, müharibə rəsmi Kiyevə də kifayət qədər ziyan vurub və vurmaqda da davam edəcək. Kremlin müharibəni hələ nə qədər davam edəcəyi məlum olmasa da, gec-tez Ukraynaya təzminat ödəməli olacaq.
Rusiya bu təzminatı öz xoşu ilə verməsə, mümkündür ki, onun Avropa banklarında bloklanan pulları müharibə təzminatı kimi Ukraynaya verilsin. Bu isə Rusiya iqtisadiyyatına Qərb tərəfindən vurulan ən böyük zərbə olacaq”.
Turan Rzayev